Ermənistanın 10 noyabr bəyanatını imzaladığı gündən bugünə qədər provakasiya cəhdləri, sülhdən yayınma üçün hər vasitəyə əl atması vərdiş halını alıb. Sabotaj cəhdlərinin səbəbi ilk növbədə erməni xalqına xas olan riyakarlıq xüsusiyyəti ilə bağlıdırsa, Paşinyanın şəxsində isə şəxsiyyət ikiləşməsinin göstəricisidirsə, digər tərəfdən İrəvanın müstəqil olmamasıyla bağlıdır. Daxildən rəsmi İrəvana paralel siyasi qüvvələrin hakimiyyətə təsir imkanlarının olması, xaricdən isə müxtəlif qütblərdən siyasi, iqtisadi, hərbi asılılıq hər gücün ayrı-ayrılıqda əlini sıxma məcburiyyəti yaradır ki, bu da özünü nəticə etibarı ilə söz və əməlin bu cür geniş miqyasda fərqlənməsində büruzə verir. Üçüncü tərəfdən isə, Paşinyan ciddi cəhdlə bölgədə qərb müşahidəçilərinin yer almasına nail olmaq istəyir.
Təxribatların törədilməsində də, Nikolun vaxtaşırı Rusiyanın bölgədəki yetərsizliyini vurğulamasında da məqsəd ikinci cəbhənin yaradılmasına don geyindirməkdir. Paşinyan artıq bu istəyinə nail olub. Praqada Avropa Siyasi Birliyinin formalaşdığı tədbirdə Ermənistan ərazisində Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasının yerləşdirilməsi haqqında qərar qəbul olundu. Hətta rəqəmin 400 olacağı da bildirilir. Lakin, unutmaq olmaz ki Ermənistanın Rusiya ilə 1997-ci il hərbi əməkdaşlığa dair müqaviləsi var. Sərhədlərinin qorunmasını Rusiyaya həvalə edən bir dövlət həmin sərhədlərin içərisinə rəqib cəbhənin hərbçilərini necə gətirə bilir? Bu vəziyyətdə artıq Azərbaycanın hər hansı qabaqlayıcı addımına ehtiyac qalmır. Bu addım birbaşa Rusiyaya qarşı hibrid müharibənin başladılmasıdır və bölgədə Moskvanın roluna qarşılıq ikinci cəbhənin yaradılmasıdır ki, belə bir xəyanətkar addım nəinki Paşinyan hakimiyyətinin, Ermənistanın özünün müstəqilliyini sual altında qoyur.
Azərbaycan isə bundan sonrakı addımlarını da prinsipial notlarda atacaq və beynəlxalq səviyyədə qəbul edilən hüquqi normativlər əsas götürüləcək. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ermənistan məğlub tərəf kimi 10 Noyabr 2020-ci il üçtərəfli bəyanata, yəni kapitulyasiya aktına imza atıb. Bununla da, ermənilər üzərlərinə konkret öhdəliklər götürüb. Sənəddən sui-istifadə halları gələcəkdə də davam edərsə, Ermənistanı Fransa daxil olmaqla heçkim xilas edə bilməyəcək. Artıq bu istiqamətdə diplomatik cəbhədə ciddi addımlar atılır. Astanada Prezidentinin öz çıxışında Qarabağda yaşayan etnik ermənilərlə münasibətlərin qurulması, erməni vandalizminin acı izləri, mina terroru, Minsk qrupunun ötən 28 il ərzində yarıtmaz fəaliyyəti kimi mövzulara dair konseptual baxışları Azərbaycanın diplomatiya cəbhəsindəki uğurlarının davamı, Azərbaycan həqiqətlərinin daha bir qlobal platformadan bəyan edilməsi, informasiya müharibəsində qazanılan daha bir qələbənin praktik nəticəsi sayıla bilər.
Bu bəyanat bütün dünyaya prezident İlham Əliyevin həyata keçirdiyi hücum siyasətinin uğur formulu kimi də dəyərləndirilə bilər. Bu bəyanat Cənubi Qafqazda gözlənilən hərbi eskalasiyaya görə məsuliyyətin kimin, hansı tərəfin üzərində olduğunun dəlillərlə sübutudur. Üstəlik bəyanatın məhz Astanada, məhz MDB sammitində, Paşinyanın iştirak etdiyi iclasda verilməsi isə regionla birbaşa bağlı olan ölkələrin sülh prosesinin gedişi, Azərbaycanın bu istiqamətdə atdığı addımlar və sülhə mane olan tərəflər haqda obytektiv məlumat almaq baxımından olduqca önəmlidir.
Züriyə Qarayeva
AzNews.az portalının siyasi şərhçisi