Kredit kartları ilə rekord sayda əməliyyat

6 İyul 2013 12:59 (UTC+04:00)
Son 12 ay ərzində Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 463 min ədəd və ya 9,6% artaraq 5 milyon 270 min ədədə çatıb.

Mərkəzi Bankın açıqladığı hesabatda qeyd olunur ki, ödəniş kartlarının 2 milyon 556 min ədədi sosial kartlar, 1 milyon 380 min ədədi əmək haqqı kartları, 593 min ədədi kredit kartları və 711 min ədədi digər kartlardır.

2012-ci ilin analoji dövrü müqayisədə bu ilin may ayında kredit kartlarının sayı 2,6 dəfə artaraq 230 min ədəddən 593 min ədədə yüksəlib. Sosial və əmək haqqı kartlarının sayı isə çox cüzi azalıb, digər kartların sayı isə 15% artıb. 2013-cü ilin yanvar-may ayları ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 3 milyard 952 milyon manat təşkil edib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3% çoxdur. Debet kartları vasitəsilə 3 milyard 329 milyon manat, kredit kartları ilə 623 milyon manat həcmində əməliyyatın aparıldığı qeydə alınıb.

Bu ilin yanvar-may ayları ərzində ötən ilin anoloji dövrü ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,6 dəfə artaraq 390 milyon manatdan 623 milyon manata, əməliyyatların sayı isə 2,1 dəfə artaraq 1 milyon 472 mindən 3 milyon 98 minə yüksəlib. Hətta, may ayında bu sahədə 838 min əməliyyat sayı ilə tarixi rekord qeydə alınıb.

Cari ilin 5 ayı ərzində debet kartları ilə aparılan əməliyyatların 3 milyard 254 milyon manatı (98%-i) ölkə daxilində, 75 milyon manatı (2%-i) isə ölkə xaricində, kredit kartları ilə aparılan əməliyyatların isə 399 milyon manatı (64%-i) ölkə daxilində, 224 milyon manatı (36%-i) ölkə xaricində aparılıb.

Debet və kredit kartları ilə ölkədaxilində 3 milyard 653 milyon manat məbləğində əməliyyat aparılıb. Ölkədaxili əməliyyatlardan 3 milyard 448 milyon manatını (94,4%-ni) ATM və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması təşkil edib. ATM və POS-terminallar vasitəsilə nağdsız ödənişlər isə 208 milyon manat (5,6%-i) olub ki, bu da 2012-ci ilin birinci rübü ilə müqayiədə 90 milyon manat və ya təxminən 62,5% çoxdur. Bütün ödəniş kartları ilə aparılan ölkəxarici əməliyyatların həcmi isə 299 milyon manat təşkil edib.//zaman.az//

AzNews.az