İranın Azərbaycana qarşı qərəzli, qorxuya əsaslanan siyasəti davam edir. Azərbaycanla bağlı tarixi saxtalaşdıran, ərazi problemini həll etməyimizdən hər zaman ehtiyat edən cənub qonşumuz bu gün də qazandığımız diplomatik uğurları həzm edə bilmir. Din pərdəsi adı altında radikal qruplaşmaları ölkəmizdə təşkilatlandırmağa cəhd edən, Azərbaycanı sionizmə xidmət etməkdə ittiham edən İslam Respublikası 44 günlük Vətən müharibəsində qısqanclığını açıq şəkildə ortaya qoydu. İran haqlı savaşımıza qeyri-adekvat münasibətini yalnız sözlü bəyanatlar səsləndirməklə deyil, həm də real olaraq işğalçı dövlətin birbaşa yanında olmaqla, siyasi, iqtisadi yardımlar göstərməklə nümayiş etdirdi.
Bugün isə Avropa İttifaqının moderatorluğu ilə praktiki irəliləyişlərin gözlənildiyi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, sülh müqaviləsi üçün real zəminin yetişdiyi bir vaxtda İran sərhədyanı ərazilərdə təlimlərə başlayır, gövdə göstərişi etmək sevdasına düşür. Təsadüf deyil ki, hərbi təlimlər də, İranın Qafanda ildırımsürətli konsulluq açması da məhz Ərdoğanın Zəngilan hava limanının açılışına gəldiyi vaxtda təsadüf edir. Cənab Ərdoğanın növbəti “şeirindən” ehtiyatlanan cənub qonşusu Ankara-Bakı qardaşlığı timsalında Tehran-İrəvan qardaşlığını göstərməyə çalışır.
Görünür ki, özünü müsəlmanların müdafiəçisi adlandıran, İslam Respublikası elan edən bu dövlət dinimizi işğal edilmiş torpaqlarda təhqir edən, ibadətgahlara donuz bağlayan dinsiz Ermənistanın cəfakeş dayağı olmaqda israrlıdır. Prinsiplərinə nümayişkaranə şəkildə zidd olan paradokslara İranı vadar edən səbəblər isə əslində çoxşaxəlidi.
Cənub qonşusunu narahat edən əsl səbəblər nədir?
Bu, ilk növbədə tarixi səbəblərlə bağlıdır. Fars dövləti imperializm siyasətinə tarixi saxtalaşdıraraq tarixən Azərbaycan torpaqları olan, hazırda 38 milyon soydaşımızın yaşadığı Güney Azərbaycanın ilhaqına bəraət qazandırmağa çalışmışdır.
İkinci önəmli səbəb iqtisadi amillərlə bağlıdır. Vaxtı ilə işğalda olmuş Azərbaycan torpaqlarından İran boz zona olaraq istifadə edərək qanunsuz malların, xüsusən narko-ticarət məhsullarının keçidini təmin edib. İşğal dönəmində tərəfimizdən İrana gömrük rüsumlarının ödənilməsi, məlum trayektoriyadan istifadə etməklə Avropaya çıxış yolu əldə edilməsi, bu yoldan nüvə reaktorları üçün başlıqların idxal olunması da sonradan İslam Respublikasının qərəzli yanaşmasına “töhvə” verib. Nəhayət, Tehranı Bakıya qarşı daha da hiddətləndirən məqam Gorus-Qafan yolunun nəzarətə götürülməsi oldu. Bu yol İranın Avropaya çıxışını təmin edən başlıca magistral yoldur və alternatv yolun çəkilməsi relyef, iqlim və maliyyə şərtləri baxımından optimal deyil.
Strateji baxımdan isə İran bölgədə güclənən türk ittifaqını öz siyasi varlığına qarşı təhdid olaraq görür. Tehranın torpaqlarımızın işğaldan azad olunma mərhələsində qısqanc münasibəti də, Zəngəzur dəhlizinə alternativ layihələr irəli sürməsi də ən başlıcası Türk xəttinin birləşməməsi missiyasına xidmət edir. Türkiyənin bölgədə aparıcı aktora çevrilməsi, Azərbaycanın qərb sərhədlərinin bütövlüyünü təmin etdikdən sonra cənub sərhədləriylə bağlı düşünə bilməsi ehtimalı əlbəttə ki, rəsmi Tehranı narahat edir.
Digər tərəfdən məlum məsələdir ki, Türkiyə və Azərbaycan dəhliz vasitəsilə Naxçıvana quru yol, türk dövlətləri ilə əlaqə və Çindən başlayaraq İtaliyayadək uzanan orta xəttin işə düşməsində maraqlıdır. Məhz türk xəttinin bərpa olunmaması üçün İran Zəngəzur dəhlizinin praktiki əhəmiyyətini gördüyü halda maraqlarından ”ödünç" verməməyə çalışır. Üstəlik dəhlizin açılması Naxçıvana quru yol deməkdir ki, bu amil İranın Azərbaycan üçün əhəmiyyətini azaldır. Elə ona görə də, İran Türkiyənin təklifindən ay yarım sonra “1 + 3” formatının ideyasını ortaya atdı.
“Kəskin sirkə küpünə zərərdir” aforizmini İran anlamayanadək, hazırda məruz qaldığı sosial partlayışı daha da genişləndirəcək, sanksiyalar məngənəsində boğulmağa davam edəcək və bütövlükdə öz siyasi varlığını sual altında qoyacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi