Rusiyanın Azərbaycana qarşı mövqeyi əlbəttə ki, bu günün hadisəsi deyil. Rusiya bütövlükdə Cənubi Qafqazla bağlı hər zaman imperialist mövqelərinin təmin olunması üçün çalışıb. İmperializm isə birbaşa şovinizm ideologiyasının tətbiqini tələb edir. Şovinist düşüncəli bir dövlət heç bir zaman müttəfiqliyə sadiq qala bilməz.
Bölgədə sülhdən yana ola bilməz. Pyotrdan başlayaraq Çarizmin, SSRİ-nin, Rusiyanın “parçala hökmranlıq et” siyasəti hökmranlıq etmək üçün nifaq salmaq, münaqişə toxumları səpmək prinsipinə əsaslanıb. Cənubi Qafqazda bu toxumların səpildiyi bölgələrdən biri Qarabağdır. Nəinki Qarabağ, Ermənistanın bir dövlət olaraq varlığı elə Rusiyanının maraqlarının bir növ inikasıdır.
Əlbəttə ki, bəsit bir məntiqdir ki, münaqişənin toxumunu öz əlləriylə səpən bir dövlət onun aradan qalxmasında maraqlı ola bilməz. Üstəlik indiki durumunda Ukrayna ilə müharibədən sonra dalana dirənmiş bir dövlət heç bir vəchlə Cənubi Qafqaz kimi önəmli cəbhəni itirməyi gözə ala bilməz. Sadəcə Rusiyanın hər zamankı ritorikası son dönəm daha ciddi şəkildə nümayiş olunmağa başlayıb.
Qarabağda rus icması, rus dilinin yayılması, rus şovinistlərinin heykəllərinin qoyulması, təxribatlara nəinki göz yummaq hətta vasitəçisi olmaq... Bunlar da azmış kimi media, rəsmi şəxslər vasitəsilə birbaşa suverenliyə zərbə vuran cəfəng fikirlərin səslənməsi, Müdafiə Nazirliyi kimi ciddi qurumun saytında bir ölkənin xəritəsinin yalnış verilməsi, Artsak respublikası ifadəsinin işlədilməsi siyahının davamıdır. Bu mənbələr sıradan bir səhvə yol verə bilməz.
Məhz son dövrlərdə Rusiyanın bu şəkildə aktivləşməsinin çoxşaxəli səbəbləri var. Birinci fundamental səbəb Rusiya dövlətinin imperialist siyasəti ilə bağlıdır. Hərçənd ki, son dönəm müharibədə Rusiyanın zəifləməsi kontekstində Qafqazla bağlı Qərbin dinamik siyasətinin şahidi oluruq. İstər Aİ-nin moderatorluğu, istərsə Fransa hərbçilərinin monitorinq qrupu adı altında bölgədə varlığı, istərsə ATƏTin Minsk qrupunun dirçəldilməsi səyləri. Bütün bunlar açar bölgə olan, önəmli nəqliyyat enerji infrastruktur layihələrin qovşağı olan Qafqazda Rusiya ağalığının sona çatdırılması və hegemonluğun Qərbə keçməsinə hesablanıb. Rusiya isə bütün bu planlara seyirçi qala bilməz.
Üstəlik Ermənistanla münasibətlər qırılma nöqtəsinə gəlib. Paşinyan açıq şəkildə Rusiyanın Ermənistanın nəinki yanında olmadığını, hətta ona qarşı tələ qurduğunu dilə gətirir. KTMT-də Ermənistanın üzvlüyü məsələsi son vaxtlar parlamentdə müzakirə ounur. Fransa hərbçilərinin bölgəyə gətirilməsini də Paşinyan Rusiyanın mövqeyi ilə əlaqələndirir. Bu konteksdə Putin Ermənistanla bağlı siyasətində korrektələr etməyi də düşünmüş ola bilər. Çünki, Ermənistanın Moskva üçün halqanın mühüm zənciridir. Digər dövlətlərdən fərqli olaraq, bu dövlətin daha çox iqtisadi asılılığı olduğu üçün əldə saxlanması mümkün olur. Bu amildən də artıq Qərb istifadə etməyə çalışıb. Üstəlik hərbçilərin də gətirilməsi artıq 1997-ci il müqaviləsini kölgə altına salmış olur.
Rusiya tərəfindən bu cür bəyanatların səslənməsi erməni cəmiyyətinə də hesablanmış ola bilər. Cəmiyyətdə ikrah hissi yaranmasın deyə Rusiya özünü KTMT nizamnaməsinin prinsiplərini yerinə yetirmiş kimi göstərmiş ola bilər.
Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün tanınması nümunəsində son vaxtlar ciddi irəliləyişlər olub. Nəzərə alsaq ki, sülh müqaviləsini geri salan faktor ərazi bütövlüyü problemi ilə bağlı idi. Bugün tərəflər suverenliyi tanıyırsa, sülh müqaviləsinin bir addımlığında olduğunu deyə bilərik. Sülh müqaviləsinin imzalanması bölgədə sülhməramlılara heç bir ehtiyacın olmaması anlamına gəlir. Bu, Rusiya üçün böyük təhdid deməkdir.
Azərbaycanın post-münaqişə dövründə icra etdiyi layihələr bölgə üçün avantajlar vəd edir. Əlbəttə ki, diplomatik əlaqələr qurularsa, Ermənistan da bu avantajlardan yararlanmış olacaq. Bu Ermənistan iqtisadiyyatının dirçəldilməsi deməkdir ki, bu amil də Moskva üçün qorxulu yuxudur. Çünki, Ermənistanı əldə saxlamaq üçün iqtisadi deqradasiyadan rıçaq kimi istifadə olunur. İqtisadiyyatın güclənməsi müstəqil siyasi qərarlara gətirib çıxara bilər.
Sadalayacağımız impetus rolunu oynayan faktorlar sırasında Türkiyə amilini də gözardı edə bilmərik. Türkiyənin bölgədə güclənməsi maraqların uzlaşdırılmasına rəğmən Rusiya üçün bölgədə təhdiddir. Təsadüfi deyil ki, Ərdoğanın ciddi mesajlarından sonra Zəngilanda həm İran, həm də Rusiya reaksiya verməyə başladı.
Digər tərəfdən, Rusiyanın son ciddi təxribatları nəbz yoxlama məqsədi də daşıya bilər. Məlumdur ki, Moskvada üçtərəfli görüş planlaşdırılır. Yəqin ki, ciddi qərarların verilməsi gözlənildiyi üçün Azərbaycanda siyasi, ictimai sferada reaksiyanın nə olacağını yoxlama məqsədi də faktorlar içərisində yer ala bilər.
Hansı səbəbdən dolayı ortaya çıxmasından aslı olmayaraq, Rusiyanın məlum ritorikası göstərir ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə tarazlıq mövqeyi ilə çıxış etdikcə, səmimi münasibət göstərdikcə, Kreml bunu fərqli oxumağa çalışır. Azərbaycan Rusiyaya qarşı müttəfiqliyə zidd olacaq hər hansı addım atmayıb. Bugün ölkəmiz regionda intensiv inkişaf xətti ilə güclənməkdə, regionun siyasi mənzərəsini təyin edən dövlətə çevrilməkdədir. Üstəlik bölgədə güclənən Türkiyə amilini də Rusiya diqqətdə saxlamalı, oxşar addımların davam etdiyi təqdirdə Bakının xarici siyasətində korrektələr edəcəyini unutmamalıdır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi