Prezident İlham Əliyevin Gürcüstan səfəri- ANALİZ

27 Oktyabr 2022 15:40 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabr ayının 24-də Gürcüstana işgüzar səfər edib. Səfər zamanı Azərbaycanın dövlət başçısı Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında baş nazir İrakli Qaribaşvili ilə işçi nahar edib və təkbətək danışıqlar aparıb. Dövlət rəsmiləri həmin sarayda təşkil olunan mədəni proqramı izləyiblər. Muxranidə həmçinin “Qarabağ xanlığının irsi” adlı sərgi təşkil olunub. Sərgidə gürcü alimi, professor Eldar Nadiradzenin başçılıq etdiyi müəllif qrupu tərəfindən ərsəyə gətirilən “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib.

Səfərdə diqqət çəkən ilk məqam görüşün paytaxtdan kənar gerçəkləşməsidir. İşgüzar səfərlər çərçivəsində dövlət başçılarının paytaxtdan kənarda qarşılanması diplomatik təcrübədə qonağa yüksək diqqətin təzahürüdür və tərəflər arasındakı münasibətlərin səmimiyyətini ifadə edir. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər zaman isti olduğundan və qarşılıqlı etimada əsaslandığından prezident Əliyevin qonşu ölkənin ən gözəl guşələrindən birinə dəvət olunması həm də xalqlar, dövlətlər arasından əlaqələrin gücləndirilməsi üçün aparılan danışıqlarda xoş atmosfer formalaşdırılması niyyəti daşıyıb. Müzakirələrin tarixi qəsrdə gerçəkləşməsi isə əsrlər boyu mehriban qonşuluq şəraitində yaşayan xalqlar arasındakı münasibətlərin təməllərinə işarədir. Azərbaycan prezidenti və Gürcüstanın Baş nazirinin mətbuata verdikləri bəyanatların məzmunu göstərir ki, tərəflər müsbət ənənələri, strateji tərəfdaşlıqdan müttəfiqliyə çevrilən münasibətləri yeni dinamikaya çevirməkdə qərarlıdır.

Yeni dinamikanın formalaşmasına zəmin yaradan amillər isə yetərincədir.

Əvvəla, Azərbaycanın Gürcüstandan, Gürcüstanın isə Azərbaycandan istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq arenada elə bir narazılığı yoxdur. Cənubi Qafqazın iki köklü xalqı və müstəqilliyini isbat etmiş dövləti hər zaman bir-birinə dəstək olmaqla regionun inkişafında maraqlarının üst-üstə düşdüyünü nümayiş etdiriblər.

İkincisi, Azərbaycan və Gürcüstan arasında yaxşı iqtisadi əlaqələr mövcuddur. Gürcüstanda bir çox iqtisadi layihələr məhz Azərbaycanın sərmayəsi ilə həyata keçirilir. Sirr deyil ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə hər iki ölkəyə fayda verməklə təkcə regional əhəmiyyətə malik deyil, eyni zamanda enerjiyə tələbatı artan Avropa məkanı üçün xüsusi önəm daşıyır. Kütləvi İnformasiya Vasitələrində yer alan rəsmi rəqəmlərə görə, bu ilin 9 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Lakin növbəti illərdə bu dövriyyənin həcmini artırmaq üçün yetərincə fürsətlər var.

- Hər şeydən öncə, Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Proqnozlara görə bu il müvafiq sahədə ixracatımız 22 milyard kubmetr olacaq. Gələn il həcmin daha da artacağı bəllidir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memoranduma əsasən, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmalıdır. Plana görə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatmalıdır. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.

- Həyata keçiriləcək başqa bir layihə elektrik enerjisi ilə bağlıdır. Rəsmi Bakı dünya bazarlarına elektrik enerjisi ixrac etməyə çalışır. İxrac yolu isə Gürcüstandan keçir. 2020-ci ildə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal və ixrac etmək Azərbaycanın əsas planlarından biridir. Rəsmi Bakı digər sahələrdə olduğu kimi, bu sahədə də Gürcüstanla fəal əməkdaşlıq etmək niyyətindədir.

- Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq mümkündür. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacağı gözlənilir.

- Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

- Bəli, tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Azərbaycan öz paytaxtındakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Bunun üçün Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya təşkil olunmasına ehtiyac var.

Muxrani qəsrindəki danışıqlara regional təhlükəsizlik prizmasından baxmaq da zəruridir. Azərbaycan Prezidentinin və Gürcüstanın Baş nazirinin bəyanatlarından aydındır ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirə gündəliyinin əsas maddələrindən olub. Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar:

“Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Prezident İlham Əliyevin Gürcüstan səfəri və səfər zamanı səsləndirdiyi bu müddəalar revanşist erməni mediasının qəzəbinə səbəb olub. İrəvanda yayımlanan bir sıra nəşrlərin internet versiyasında Gürcüstan açıq mətnlə təhdid edilib.

Daşnak zehniyyətini isterikaya yuvarlayan mühüm səbəblərdən biri budur ki, “Qarabağ xanlığının mədəni irsi” adı ilə təşkil olunan sərgi rəsmi Tbilisinin və gürcü tarixçilərinin ermənilərin “Artsax proponqdasını” puç və uydurma saymasının göstəricisidir. Bu sərgi ilə gürcülər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajını əllərində olan tarixi qaynaqlar və maddi sübutlarla elmi baxımdan təsdiqləyir.

Digər tərəfdən, Ermənistan İkinci Qarabağ Savaşından sonra Azərbaycanı “dinc və yanaşı yaşanılması mümkün olmayan qonşu” kimi təqdim etməyə çalışır. Ancaq Azərbaycanın Gürcüstanla yüksək səviyyəli münasibətləri erməni propoqondasının bu tezisini də məhv edir, eyni zamanda Ermənistan üçün nümunə yaradır.

Nəhayət, Azərbaycan Cənubi Qafqaz respublikaları arasında üçtərəfli formatda müzakirələr təklif etməklə və gələcəkdə bu müzakirələri 3+3 formatına daşımaqla Ermənistanın revanşist arzularının qarşısına sədd çəkir.

Odur ki, Azərbaycana qarşı heç bir təzyiq və şantak rıçağı qalmamış Ermənistan Gürcüstana qarşı ərazi iddialarının olduğunu (!) xatırladır və erməni diasporu vasitəsi ilə Qərbdə Tblisi hökumətinə qarşı propoqanda başlayacağını vurğulayır. Lakin bütün bunlar ermənilərin natamamlıq kompleksinin dərinləşən simptomlarından başqa bir şey deyil.

AzNews.az