“Qarabağ”a yeni qapıçı və mərkəz hücumçusu lazımdır - Ekspert

28 Oktyabr 2022 09:20 (UTC+04:00)

Son dəqiqələrdə buraxılan qol “Qarabağ”ın ən azı bu dəfə Avroliqada qrupdan çıxmasını əngəllədi. Amma hələ heç nə itirilməyib.

Aznews.az xəbər verir ki, bu sözləri Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

Onun sözlərinə görə, gələn həftə Bakıdakı son tur görüşündə qrup liderliyini təmin edən “Frayburq”a qalib gəlmək lazımdı: "Əks halda ehtimalını isə fikirləşmək belə istəmirsən. Lakin o da qeyd edilməlidir ki, indiki halda ən pis variant olan Konfrans Liqasının pley-off mərhələsində oynamaq belə uğursuzluq sayılmamalıdır".

İdman eksperti qeyd edib ki, komandada oyun baxımdan çox şey yerindədir, sadəcə rəqiblər “Qarabağ”a daha da ciddiyyətlə yanaşır, onun sistemini yaxşı öyrənirlər: "Amma dünənki oyun bir daha göstərdi ki, “Qarabağ”a mütləq yeni qapıçı və mərkəz hücumçusu lazımdır. Hazırda məhz bu mövqelərdə rəqabət ya yoxdur, ya da çox zəifdir. Belə olanda isə bu dəfəki kimi kobud səhvlər, qol imkanlarından istifadə olunmaması qaçılmazdır".

Aznews.az