Təəsüflər olsun ki, bizdə danışmaq dəbdədir - MÖVQE

28 Oktyabr 2022 13:07 (UTC+04:00)

Yazıçı və şairlər bütün dövrlərdə nüfuz sahibi olublar. Ən maraqlı fikirlər də onlara məxsus olubdur. Ötən əsrin 90-cı illərindən yazıçı, şair, elm və dövlət adamlarının müsahibələrini və yazılarını toplayıram. Etiraf edim ki, çoxlarını da oxumuşam. Mənim üçün dahi fizik Albert Eynşteynlə olan müsahibə Qarsia Markeslə müsahibə qədər maraqlıdır. Yeri gəlmişkən, Rabindranat Taqorun Albert Eynşteynlə mükəmməl dialoqu var.

Böyük türkoloq alim Aydın Məmmədov Tərcümə Mərkəzində dialoqlar təşkil edərdi. Ədəbiyyat söhbətləri aparılardı. Dostumuz Rəşad Məcid bunların şahididir. A. Məmmədovun yazıçı Anarla çox maraqlı ədəbiyyat dialoqları var. Düşünürəm ki, gənc yazarlar üçün həmin dialoqlar indi də aktualdır. Aydın Məmmədov dilçi alim olsa da D. Daninin "Nils Bor" əsərini mükəmməl tərcümə etmişdi. Belə ənənə Qərbdə geniş vüsət alıb. Məsələn, mən C. Beqqott adlı bir yazıçının fizikanın ən çətin problemlərindən biri olan “Hiqqs bozonu” kitabını maraqla oxumuşam. Mənə qaranlıq olan məqamları yazıçının kitabından öyrənmişəm.

Ernest Heminqueyin Nobel nitqi ən qısa, lakin ən məzmunlu nitqlərdən biridir. Böyük yazıçı deyirdi: “Yazıçı deməli olduğu şeyi yazar, danışmaz”

Təəsüflər olsun ki, bizdə danışmaq dəbdədir. Dünya yazıçıları və şairlərinin məktublaşmaları çox maraqlı janr kimi qarşılanıb. Bütün görkəmli yazıçı və şairlərin əsərlərinin son cildləri onların məktublaşmaları və esseləridir.

Məktublaşa bilirikmi?

Elə sonda Heminqueylə bağlı oxuduğum maraqlı bir söhbət yadıma düşdü: Yazıçı olmaq istəyən bir nəfər əsərini Ernest Heminqueyə oxumağa verir. Heminquey 5-6 cümlə oxuduqdan sonra əsəri onun üstünə atır: "Səndən yazıçı olmaz", - deyir. Həmin adam bir aydan sonra yenə nəsə yazır və Heminqueyin yanına gəlir. Böyük yazıçı əvvəlki etdiyi hərəkəti təkrarlayır və ona deyir: "Dedim axı səndən yazıçı olmaz. Sən get tənqid elə, tənqidə qurşan". Bu fikir onun ağlına batır və kimi gəldi tənqid etməyə başlayır. Bir müddətdən sonra onlar yenidən görüşürlər. O, Heminqueyə təzə işindən razılığını bildirir, əsl peşəsini ona tövsiyyə etdiyinə görə təşəkkür edir və sonra qayıdır ki, bəs "Qoca və dəniz" povestini sən yazmısan? Heminquey deyir: "Bəli, mən yazmışam". Tənqidçi: "Povestiniz çox zəif və mənasızdır."

Etibar Əliyev

Millət vəkili