"İran hakimiyyəti öz vətəndaşlarını haqlarından məhrum edib" - Politoloq

28 Oktyabr 2022 17:05 (UTC+04:00)

İranda iğtişaşlar səngimək bilmir. 22 yaşlı, kürd kökənli Mahsa Əmininin ‘’baş örtüyünü düz bağlamaması’’ səbəbindən “əxlaq polisi” tərəfindən saxlanılması və polis idarəsində öldürülməsi ilə başlayan bu etirazlar artıq bütün ölkədə dalğalanma yaradıb. İddialara görə, ölənlərin sayı 77-ə çatıb. Etirazçılar içərisində Güney Azərbaycanlılar da var.

Bu barədə AzNews.az-a politoloq Züriyə Qarayeva açıqlama verib.

Bildirib ki, İranda periodik olaraq siyasi rejimə qarşı etirazlar baş qaldırır: "Demək olar ki, hər 7-10 ildən bir iğtişaşlar müşahidə olunur ki, bu etirazlar əsasən seçki dönəmlərində baş tuturdu. Bu dəfəki etiraz dağlası isə kütləviliyi, yayılma trayektoriyası və seçkidən kənar vaxtda baş tutması ilə digərlərindən seçilir. Əhali siyasi rejim, dini qaydaların sərtliyi, geyim və davranış qadağalarına qarşı çıxırlar. Hakimiyyət isə tələbləri yerinə yetirmək əvəzinə, etirazçıları təhqir edir, cəzalandırır, hətta yaxın vaxtda SEPAH qüvvələrindən istifadəni planlaşdırır".

Politoloq qeyd edib ki, Azərbaycan üçün də bu hadisələr həssaslıqla müşahidə olunur: "Əvvəla ona görə ki, İranda 40 milyon soydaşımız yaşayır. Bugün onların dil, təhsil və başqa problemləri qüvvədədir. Məlum məsələdir ki, 1979-cu il dekabrın 3-də qəbul edilmiş İran İslam Respublikasının Konstitusiyasında ölkədə fars olmayanların öz dilində təhsil almaq hüquqları və başqa mədəni haqları təsbit olunub. Ötən 43 il ərzində İran hakimiyyəti öz vətəndaşlarını bu təbii və qanuni haqlarından məhrum edib".

Z. Qarayeva sözlərinə belə davam edib: "Ali rəhbəri “vilayəti fəqih” adlanan, lakin fəaliyyətində vətəndaşlarına qarşı saxtakarlıq edən İran hakimiyyəti bu ritorikanı yalnız öz xalqına, vətəndaşlarına münasibətdə deyil, dünya müsəlmanları ilə bağlı da icra edir. Xalqın hüquqlarının müdafiəsində konstitusiyanın müvafiq maddələrini görməzdən gələn rejim ali qanunun 152-ci maddəsində təsbit olunmuş bütün müsəlmanların hüquqlarının müdafiəsinin ölkənin xarici siyasət prioriteti olmasına da zidd addımlar atır. Əsas qanunun 154-cü maddəsində dünyanın istənilən yerində məzlumların dəstəklənməsi nəzərdə tutulsa da, İslam Respublikası ali sənədi tamamilə görməzdən gəlir.

İran Fələstindəki problemin həlli istiqamətində heç bir zaman “daşı daş üstə qoymayıb”, bir fələstinli qaçqını belə ölkəsində yerləşdirməyib. Əksinə müvafiq problemdən regionda gərginliyi artırmaq üçün istifadə edib. Eyni tendensiya Livanda da normal hakimiyyətin qurulmasına əngəl törədib. Livanda da normal hakimiyyətin formalaşmasının başlıca problemlərindən biri iranyönlü qruplaşmadır. İran İraqda da cərəyan edən bütün hadisələrə müdaxilə edib. Tarix boyu bir neçə dəfə uzunmüddətli hərbi münaqişələr yaşadığı İraqı daim İranın sayğısız münasibəti qıcıqlandırıb. İranın elitar Qüds Korpusunun komandanı general Qasım Süleymani də İraqda öldürülüb. Səudiyyə Ərəbistanı ilə İran arasında uzunmüddətdi elan olunmamış müharibə gedir. Ərəbistanda İranın silahlandırdığı Xurşudilər dəstəsinin bu ölkədə gərginlik yaratdığı heç kəsə sirr deyil. Əfqanıstan və İran qarşılıqlı münasibətlərdə bir- birinə uğur gətirməyib. Türkiyə ilə münasibət də İranın Azərbaycana olan antipatiyası ilə eynidir. İranın xarici siyasətində istisna təşkil edən tək dövlət, müsəlman düşməni, islam dinini daim təhqir edən Ermənistandır".

Siyasi şərhçi sonda əlavə edib ki, belə çıxır özünü “müsəlmanların hamisi”, “məzlumların pənahı” adlandıran İran müsəlmanların darda qalması və onların bu vəziyyətindən sui-istifadə edib siyasi oyunbazlıq üçün bu maddəni konstitusiyaya daxil edib: "Qonşularla dinc yanaşı yaşama, regionda sülh və sabitliyin olması Tehranın maraqlarına tamamilə ziddir. Son günlərdə bu dövlətin Azərbaycana qarşı elan etdiyi soyuq müharibə də bütün deyilənlərin bariz göstəricisidir".