"Valday" gölündən Paşinyana soyuq duş effekti - ANALİZ

31 Oktyabr 2022 13:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin ötən gün "Valday" beynəlxalq müzakirələr klubunun Soçidə keçirilən forumunda geniş çıxış edib. O, müasir dünyada müşahidə edilən geosiyasi proseslərin təhlilini verib, böyük dövlətlərin bu proseslərdə oynadığı rola yer ayırıb. Əsasən "anti-amerikanizm" mövqeyinə fokuslanaraq Vaşinqtonun fəaliyyətindən, geosiyasi nizamın ABŞ tərəfindən pozulmasından bəhs edən Putin çıxışının bir hissəsində Azərbaycan və Ermənistanla əlaqələr, yekun sülh sazişi ilə bağlı fikirlərini səsləndirib.

Çıxış zamanı xüsusi diqqət çəkən məqam Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində iki variantın olduğunun bildirilməsidir: Moskva və Vaşinqton variantları.

Vaşinqton variantından bəhs edərkən Putin bu sənədin Azərbaycanın suverenliyini tanıdığını qeyd edir. Paşinyanın xüsusi nümayəndəsi Edmon Marukyan isə Qərbin sənədli şəkildə deyil, sözlü formada “Xankəndi-Bakı” formatının yaradılması təklifinin olduğunu bildirir. Bu iddia əlbəttə ki, İrəvanın Qərb planına parafrazıdır.

Vaşinqton başda olmaqla Qərb məsələnin həllindən yanadır. Lakin kimin xeyrinə həll olması onu maraqlandırmır. Yetər ki, Moskva proseslərdən kənar tutulsun, bölgədə sülh bərqərar olsun və yekun nəticədə Qərbin iqtisadi, enerji layihləri icra olunsun. Bakı isə bu yanaşmaya qarşı olduğunu bütün platformalarda irəli sürüb. Həm müharibədən öncə, həm də sonra Azərbaycan tərəfi separatçılarla qarşı-qarşıya oturmağı, onları münaqişənin tərəfi olaraq qəbul etməyi birmənalı şəkildə rədd edib. Qarabağ münaqişəsi Ermənistan dövləti tərəfindən başladılmış, Qarabağ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, müvafiq ərazidə erməni separatçılar silahlandırılmışdır. Bu münaqişə qəti şəkildə etnik münaqişə deyil və “Xankəndi-Bakı” formatı heç bir zaman işlək ola bilməz. Əslində Kollektiv Qərb də bunu yaxşı anlayır. Sadəcə İrəvan prosesdən vaxt qazanmaq üçün Brüsselin “qeyri-müəyyənliyindən” istifadə etməyə çalışır.

Putinin iddia etdiyi ikinci sənəd Moskva variantıdır. Rusiya münaqişənin həllində rolunu necə qiymətləndirsə də, bizə agahdır ki, münaqişəni bacardıqca uzanmasını təmin etmək, separatçıların təmizlənməsinə mane olmaq, əhalinin birgəyaşayış imkanlarını aradan qaldırmaq Moskvanın yaxın gələcəyə hesablanmış planlarıdır. Uzaq perspektiv üçün Gürcüstan, Ukrayna presedentini işə salmaq, bölgədə rus nüfuzunu artırmaqla referendum keçirilməsinə nail olmağı da Putin gözardı etmiş deyil.

Putinin fikirlərini ifadə tərzində də yeknəsəqlik müşahidə etmirik. Sanki ikibaşlı ifadələr səsləndirilir. Gah Ermənistana işarə edilir ki, Vaşinqton tərəfindən irəli sürülən planı İrəvan icra edərsə, bu, onların maraqlarına cavab verməyəcək. Gah da Ermənistanın iradəsi buna imkan verirsə, o zaman Qarabağın Azərbaycan ərazisi kimi qalmalı olduğu bildirilir. Putinin şərhindən də açıq anlaşılır ki, Rusiya münaqişənin dondurulmasından yanadır. Qərb isə problemin ən qısa zamanda yekunlaşmasının tərəfdarıdır.

Bəllidir ki, Soçi görüşünün təşkili özlüyündə Brüsselin fəallığına cavabdır. Məlum çıxış Soçidə keçirilən üçtərəfli görüşlə bağlı ümidləri yenidən suya saldı. Çıxışdakı yanaşma Qarabağ probleminin hələ də qaldığını, həllinin sual altına düşdüyünü iddia etmək məqsədi daşıyır. Halbuki bu münaqişə tərəfimizdən həllini tapıb və qarşı tərəf “təslim bayrağı” qaldırdığı üçün geridə qalan məsələlər sülh çərçivəsində həllini tapmalıdır. Rusiya isə bu prosesdə “köstək” deyil, “dəstək” olmalı idi. Lakin görünən odur ki, Azərbaycan və Ermənistan münaqişəni bitirəcək sülh müqaviləsi imzalamağa yaxınlaşarsa, Rusiya hər vəchlə buna mane olmağa çalışacaq, çünki sülh sazişi Rusiya sülhməramlılarının Qarabağdan çıxması demək olacaq.

Bakının dəyişməz yanaşması ondan ibarətdir ki, Qarabağ müzakirə predmeti deyil, biz Ermənistanla yalnız sülh müqaviləsi, sərhəd xəttləri və kommunikasiyanın açılmasını müzakirə edə bilərik. Bu yanaşmaya qarşı ifadə edilən istənilən fikir Azərbaycanın suverenliyinə təhdiddir və sülh quruculuğu prosesini geriyə çəkməkdir.

Ermənistan hakimiyyəti azacıq “ağıl işlədərsə” bütün planları alt-üst edə bilər. Labirint vəziyyətdən tək çıxış yolu Paşinyanın Əliyevlə razılaşmasından keçir. Əgər iki tərəf anlaşarsa, Qərbin də dəstəyi ilə burda Rusiyanın təzyiqlərini, təxribatlarını neytrallaşdırmaq olar. Ermənistan əks ritorikanı davam etdirdikcə Rusiyanın əlində oyuncaq olmağa davam etməklə qalmayacaq, elə Moskvanın öz əli ilə nəinki Rusiyanın, həmçinin, İranın vassalına çevriləcək. Bugün Qafanda İran konsulluğunun açılması bu gedişin bariz göstəricisidir. Ancaq bu hələ son deyil…

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi