ABŞ Konstitusiyasının ilk nəşrinin nadir nüsxəsi hərraca çıxarılacaq

2 Noyabr 2022 14:38 (UTC+04:00)

ABŞ Konstitusiyasının ilk nəşrinin nadir nüsxəsi hərraca çıxarılacaq.

AzNews.az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evindən məlumat verilib.

Bildirilib ki, hərrac dekabrın 13-ü baş tutacaq. Nüsxənin 20-30 milyon dollara satılması nəzərdə tutulur.

Qeyd edək ki, Konstitusiyanın son variantının 500 nüsxəsi 1787-ci il Konstitusiya Konvensiyasına qatılan Corc Vaşinqton və Ben Franklin kimi insanlara paylanılıb. Lakin onların əksəriyyəti zamanla yoxa çıxıb. Məlum olan 13 nüsxədən 11-i rəsmi qurumların əlindədir.

Digər iki nüsxədən birini keçən il ABŞ Vençur Kapital Fondunun meneceri Ken Qriffin 43,2 milyon dollara alıb.

İkinci nüsxə ABŞ-nin Nyu-York şəhərində hərraca çıxarılacaq. "Sotheby's New York"da işləyən əlyazmalar və vintaj kitablar üzrə mütəxəssis Riçard Ostin bildirib ki, təkliflər 30 milyon dolları keçə bilər.

ABŞ Konstitusiyası noyabrın 4-dən "Sotheby's New-York"da ictimaiyyətə nümayiş etdiriləcək.

Pərvanə