“Qarabağ”qrupda son oyununu keçirəcək

3 Noyabr 2022 10:30 (UTC+04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Məlumata görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxacaq.

G qrupunda ikinci olan Ağdam təmsilçisi “Frayburq”u qonaq edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün böyük önəm daşıyır.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Turun digər oyunu da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Avrokuboklarla vidalaşdığı dəqiqləşən “Olimpiakos” evdə “Nant”la görüşəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu