Dövlətin bir daşını belə yerindən oynadanlar başlarından olacaqlar

4 Noyabr 2022 13:19 (UTC+04:00)

Çünki bu təmkin sonucda millətin çox ciddi təhlükəylə üz-üzə qalmasına səbəb olacaq! Biz də vətəndaş olaraq dövlətimizin şəxsimizi və ölkəmizi qorumasını tələb etmə haqqına sahibik.

Son günlər DTX İran casus şəbəkəsini ifşa elədi. Əladır və belə də davam etmək lazımdır. Lakin bu qədəri azdır. İllərdir bizim kimi insanlar öz dövlətini qoyub İrana köpəklik edənlərlə bağlı həyəcan təbili çalırıq. Bu təbili ona görə çalırıq ki, İranın nə olduğunu yaxşı bilirik! O baxımdan bizim həyəcanımızı dövlət də uyğun şəkildə diqqətə alıb ruhunu İrana satanlarla bağlı ən sərt tədbirləri görməkdə daha qərarlı olmalıdır.

Və son günlərin, ayların, illərin görüntüləri bizim nə qədər haqlı olduğumuzu göstərir. Özünə şiə-müsəlman deyən İranın başındakılar və onların istər Tehran Respublikasındakı, istərsə də Azərbaycan Respublikasındakı uzantıları hər şey gün kimi aydın ikən belə Azərbaycana xəyanət yolundan bir addım da geri çəkilmirlər! İçimizdə elə insanlar var ki, bunlar açıq şəkildə vətəndaşı olduqları Azərbaycan dövlətini Ermənistanla açıq şəkildə qardaşlıq edən İranın maraqlarına qurban verirlər. Utanmadan, çəkinmədən, qorxmadan bu ünsürlər Azərbaycan dövlətinə gözümüzün içinə baxa-baxa xəyanət edirlər! Bunlar o qədər həyasızlaşıblar ki, dövlətin milli təhlükəsizliklə bağlı atdığı addımları belə utanmadan gözdən salmağa çalışırlar və bunu da insan haqları pərdəsi arxasında edirlər!

Ona görə deyirik ki, dövlət daha qətiyyətli davranmalıdır! Taleh Bağırzadə adlı İran agenti faş edildikdən sonra Azərbaycanda bu yöndə xeyli rahatlama vardı. Amma indi görürük ki, özünü insan haqlarının müdafiəçisi kimi qələmə verən bəzi şəxslər indiki qarışıq dövrdə bu Talehin arxasından boylanmağa başlayıblar! Sizə keçid verilməyəcək və dövlət bu keçidi verməməlidir!
Rüfət Səfərov adlı birisi də var. Baxırıq ki, guya İranı tənqid edir. Amma sonra da Taleh Bağırzadənin arxasına sığınır. Üstəlik də DTX-nın bugünlərdə İran agentlərini faş etməsindən çox narahat olur. Adama deyərlər ki, əgər sənin İrana rəğbətin yoxdursa, nədən narahatsan? Niyə bu Taleh adlı İran uzantısını müdafiə edirsən? Niyə Azərbaycan dövlətinin hər birimizin təhlükəsizliyi üçün atdığı addımları gözdən salmağa çalışırsan? Səninki axı insan haqları məsələsi olmadı. Sən açıq şəkildə Azərbaycanı hədəfə almış Tehran Respublikasının fars-molla rejiminin səfində çıxış edirsən! Yəni vətəndaşı olduğun dövlətə - Azərbaycan Respublikasına qarşı! İnsan haqlarıdır bu?
Etməyin! Bu dövlətin bir daşını belə yerindən oynadanlar başlarından olacaqlarını unutmasınlar! Biz – müstəqil Azərbaycan Respublikasının dövlətə sadiq vətəndaşları olaraq sizə keçid verməyəcəyik! Biz sizin kimi ünsürləri təmizləyən dövlətimizin arxasında sonadək olacağıq! Bunu bilin və sırğa edib qulağınızdan asın!

Bir daha dövlətə səslənirəm: İrana azacıq belə rəğbət bəsləyən hər kəsə qarşı tədbir görülməlidir. Çünki İranı sevmək elə işğalçı Ermənistanı sevməkdir. Necə ki, biz Ermənistandan yana olanlara qarşıyıq, İrandan yana olanlara münasibətimiz də o cür olmalıdır. Başqa cür olması düşünülə bilməz!

Azər HƏSRƏT

Əməkdar jurnalist