"Vaşinqtonun Tehranla nüvə anlaşmasına marağı azalıb, danışıqlar dondurulub. Bu təbiidir. Çünki İran çalxalanır, Vaşinqton hazırki vəziyyətdə gözləmə mövqeyinə keçərək hadisələrin hansı istiqamətdə inkişafını müşahidə edəcək. Bunu ABŞ prezidenti Co Baydenin “biz İranı tezliklə azad edəcəyik” açıqlaması da xəbər verir ".
Bunu AzNews.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ağ Ev sahibi Kaliforniyada çıxışı zamanı İranda hökumət əleyhinə olan nümayişçilərin tezliklə azadlıq əldə edəcəklərini deyib.
"ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu asan başa gəlməyəcək", - deyə politoloq əlavə edib.
Siyasi şərhçi onu da qeyd edib ki, rejim asanlıqla təslim olmayacaq: "Ancaq proses artıq başlayıb, cin şüşədən çıxıb. Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir. Bircə Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın o zamankı liberal görüşlü baş naziri Məhəmməd Müssədiqi devirərək şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və İslam inqilabına şərait yaratdılar".