Güney Azərbaycan məsələsi: İlk tələb nə olmalıdır?

5 Noyabr 2022 12:22 (UTC+04:00)

İran İslam Respublikası tarix səhnəsindən silinməyə məhkumdur.

Yaxın və Orta Şərq çibanı deşilib və molla rejimi öz çirkabını Azərbaycan Respublikasının üzərinə axıdır.

Bu da səbəbsiz deyil.

Ən əsas səbəb isə odur ki, Azərbaycan modern bir dövlət olaraq İran imperiyasının müstəmləkə xalqları, xüsusən Güney Azərbaycan türkləri üçün modeldir.

Uzun illərdir Güney Azərbaycanın istiqlalından söz açılanda molla rejimi deyirdi ki, “Siz hələ bir Qarabağı azad edin, sonra cənublu soydaşlarınızın dərdini çəkərsiniz”.

44 günlük müharibə ilə Quzey Azərbaycan müstəqil bir dövlət olaraq öz siyasi, hərbi, diplomatik qüdrətini bütün dünyaya isbat etdi. İndi zamanın axarında boğulan Tehran mollalarının Cənubi Qafqazdakı saman çöpündən- Ermənistandan yapışmaqdan başqa çarəsi qalmayıb. Sürətlə dəyişən dünyada nə İranın Ermənistanı, nə də Ermənistanın İranı xilas etmək üçün bir imkanı və şansı var. Bu gün İran Qərbi Zəngəzurda, Ermənistan isə Cənubi Azərbaycanda konsulluq açır. Ancaq proseslərin irəliləyən mərhələlərində İrana ən ciddi zərbələrdən birini məhz oradakı erməni diasporu vuracaq.

SSRİ-nin dağılmasını yada salaq.

Qərb bloku Amerika və Avropadakı erməni diasporundan SSRİ-nin dağılmasını sürətləndirmək üçün Cənubi Qafqazda etnik münaqişə yaratmaq məqsədi ilə istifadə etdi. İranın dağılmasında da ermənilərdən istifadə olunacaq. Düzdür, İranda ermənilərin torpaq iddiası irəli sürməsinə zəmin və müstəqil dövlət olmaq perspektivi yoxdur. Ancaq “erməni hüquqları” həm Qərb, həm də Rusiya üçün proseslərə müdaxilə etmək üçün bütün hallarda əsas olacaq. Proqnozlaşdırmaq çətin deyil ki, erməni icması Azərbaycanın və Türkiyənin maraqlarının ziddinə hərəkət edəcək və onlardan katalizator kimi “kürd kartı”nın gücləndirilməsi üçün istifadə olunacaq.

İranda heç diqqətdən qaçırmamalı olduğumuz əsas etnik və siyasi amillərdən biri kürdlərin mübarizəsidir. Bu məsələ qardaş Türkiyəni də dərindən maraqlandırdığından, Türkiyənin mövqeyi isə geopolitik proseslərə birbaşa təsir etdiyindən məsələyə kifayət qədər soyuqqanlı yanaşmalıyıq.

Əvvəla, bu gün kürdlər İranda yetərincə təşkilatlanıblar və dağılmaqda olan imperiyada iç dəngələrin müəyyən olunmasına ciddi təsir göstərirlər. Hazırda İranda keçirilən protestlərdə də onların rolu böyükdür.

İkincisi, kürdlər istənilən an silahlı mübarizəyə keçə bilərlər.

Üçüncüsü, yaxın keçmişdə- İkinci Dünya Müharibəsinin sonlarında kürdlər İranda “Mahabad Respublikası” yaratmışdılar. İndi həmin respublikanı daha geniş ərazidə bərpa etmək üçün əllərindən gələni edəcəklər.

Dördündücü, İranda “Kürdüstan Respublikası” yaranarsa, onun hüdudlarının indki Kürdüstan ostanlığını aşaraq Türkiyə ilə Cənubi Azərbaycan Respublikasının arasında bufer zonaya çevrilməsi üçün planlar işə düşəcək.

Odur ki, bir şeyi başa düşməliyik, Güney Azərbaycanın istiqlal mübarizəsi nə İrandakı soydaşlarımızın əvvəlki təcrübəsinə, nə də Quzey Azərbaycandakı milli azadlıq mübarizəsinin gedişatına uyğun olacaq. Elə bu səbəbdən də prosesi ən müxtəlif aspektlərdən təhlil etməli və minimum itki ilə əsas hədəfə nail olmalıyıq. Güneyin tarixi şanslarını macəralara əsla qurban vermək, repressiyalara və basqınlara əsas yaratmaq olmaz.
Bunun üçün Azərbaycandakı siyasi partiyaların həm ayrı-ayrılıqda, həm də birgə konseptual mövqeyə sahib olması vacibdir.

Çox təəssüf ki, bu günə qədər “Ana Vətən” Partiyasının sədri, millət vəkili Fəzail Ağamalıdan başqa ictimaiyyətə konseptual mövqe təqdim edən siyasətçi yoxdur.

Fəzail Ağamalı dünən yayımladığı məqaləsində Güney Azərbaycan Milli İstiqlal Hərəkatının qələbə ilə başa çatması üçün məsələnin qloballaşdırılmasını təklif edir. Bu, olduqca düzgün yanaşma olmaqla Güney Azərbaycan hərəkatının təkcə İranın daxilində yox, həm də xaricində gedəcəyinin təsbitidir.

Bəli, vaxt itirmədən Güney Azərbaycan məsələsini BMT-nin, ABŞ-ın, Avropanın, Asiyanın, İslam Əməkdaşlıq Təşkilatının gündəminə gətirməliyik. Bu gün dünyada xeyli türk cümhuriyyəti və cümhuriyyətlərimizin dostu olan ölkələr var. Onların birgə müraciəti ilə:

1) İranın imperiya olduğunu;
2) Teokratikləşmiş İran imperiyasının müstəmləkə xalqlarının azadlıq haqqına malik olduğunu;
3) Güney Azərbaycan xalqının İranda rejim dəyişikliyi yox, istiqlal uğrunda mübarizə apardığını
bütün dünyaya car çəkməli, qəbul etdirməliyik.

Quzeydə Azərbaycan Respublikasının var olduğu bir dünyada Güneydə soydaşlarımızın qarşısına Nemət Pənahlı tipli “liderlər”in çıxması böyük millətimiz adına rüsvayçılıq olar. Güney hərəkatı, əlbəttə kütləvi və xalq mübarizəsi olacaq. Ancaq hər zaman planlı getməli, provakasiyaların qarşısına tədbirli çıxmalı və rasionallıqdan cüzi də olsa uzaqlaşmamalıdır.

Odur ki, Güney Azərbaycan Hərəkatının ilk işi İranın hazırkı rejiminə Güney Azərbaycanın vahid bir inzibati vahidə çevrilməsini qəbul etdirməkdir.

Hazırda İİR-də Qərbi və Şərqi Azərbaycan olmaqla iki ostan mövcuddur. Güney Azərbaycanın tarixi hüdudları bu iki ostandan çox genişdir. Zəncan, Qəzvin, Həmədan kimi ostanlar Azərbaycan diyarı olsalar da, məqsədli şəkildə ayrıca inzibati vahidə çevrilib. Üstəlik, ostanların sərhədləri də təhrif edilib. Vaxtilə Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra Azərbaycan xanlıqlarını ləğv edərək quberniyalar yaratmışdı. Bu süni quberniyalar axırda ona gətirib çıxardı ki, ermənilərin heç zaman etnik üstünlüyə və hətta dövlət qurmaq iddiasına malik olmadığı bir regionda “Ermənistan” quruldu, bizim sərhədlərimiz kiçildi. Bu səhvləri təkrar etməməliyik.

Məşhur UTİ POSSİDETİS hüququna görə, gələcək Güney Azərbaycan Respublikasının sərhədləri MÜSTƏQİLLİK QAZANMA ANINDA malik olduğu hüdudlar olacaq.

Elə bu səbəbdən də müstəqillikdən öncə Güney Azərbaycanın təbii sərhədlərini İran rejiminə qəbul etdirməli, dediyim kimi, vahid inzibati formaya salmalıyıq.

Nəhayət, çox aktual bir məsələ Güney Azərbaycanın istiqlalından sonra onun hüdudlarından kənarda yaşayan türklərin aqibətidir. Onların da müqəddəratını indidən düşünməli və İranın imperiya varisi olacaq Tehran mərkəzli dövlətdə türkcənin ikinci dövlət dili olmasını qarantiyaya almalıyıq.

Taleh ŞAHSUVARLI