Abşeron dairəvi dəmir yolunda bütün turniketlərdə təmassız ödəniş planlaşdırılır

10 Noyabr 2022 14:07 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarında təmassız ödəniş sisteminin təkmilləşdirilməsi işləri davam etdirilir.

Bu barədə Aznews.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC bu layihənin tərəfdaşları olan Azərbaycan Beynəlxalq Bankı (ABB) və VISA şirkəti ilə birgə işləri davam etdirir.

Bu məqsədlə ABB ilə növbəti ilin ilk rübündən etibarən əlavə 100 ədəd validator alınması, eləcə də il ərzində bütün turniketlərdə təmassız ödəniş sistemindən istifadə üçün 250 yeni validator alınaraq quraşdırılması razılaşdırılıb.

Bununla da Abşeron dairəvi dəmir yolu xətti boyunca 14 stansiyadakı bütün turniketlərin hamısının təmassız ödəniş sistemini dəstəkləməsi planlaşdırılır.