"İlham Əliyev bu problemin məsuliyyətini Putinin üzərinə qoydu"

10 Noyabr 2022 17:26 (UTC+04:00)

"Noyabr ayındakı döyüşlər Şuşa şəhərinin taleyini həll elədi və Qarabağ üzərində tacı Azərbaycana qazandırdı. Oktyabr döyüşləri Ağbənd döyüşləri adlandırılır. Həmin döyüşlər isə Güney Azərbaycan konsepsiyasını ortaya qoymuş oldu. 12-14 sentyabr döyüşləri isə Azərbaycanın Zəngəzur konsepsiyasını və türk dövlətlərinin birləşmə məsələsini ortaya çıxarmış oldu".

AzNews.az xəbər verir ki, bunu Xəzər telekanalında yayımlanan "Xəbər Ertəsi" verilişində Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr bəyanatı haqqında danışarkən deyib.

O bildirib ki, 10 noyabr kapitulyasiya aktı müasir diplomatiya tarixinə dövlət rəhbərinin imzalama mərasiminin belə məlum olmadığı bir akt kimi düşüb: "Ona görə hər dəfə cənab Prezident "Soruşun görək harada imzalamışdı?" deyir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, o kapitulyasiyanın hüquqi, hərbi, siyasi, mənəvi, sosial və bundan sonra uzun müddət tarixə not olaraq düşəcək ciddi əsasları oldu. Biz bu bəyanatı iki il əvvəlki tarixə aid edirik. Düşünürəm ki, bu akt daha sonrakı dönəmlərə aid olan proseslərin icrasını da özündə əks etdirir".

Siyasi şərhçi qeyd edib ki, qarşıda Ermənistanla sülh müqaviləsi imzalama mərasimimiz də məhz 10 noyabr razılaşmasına əsaslanır.

Ə. Əlibəyli daha sonra əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi kontekstində Rusiya ilə bütün qərb vuruşur, amma Azərbaycan lideri bəlkə də kökləri 200 ilə dayanan problemin həllini və məsuliyyətini də Rusiya prezidentinin üzərinə qoydu: "Çünki orada şəxsən Vladimir Putinin imzası var. 10 noyabr bizə daha çox "10 noyabr"lar qazandıracaq".