Şuşada verilən mesajlar nələrdən xəbər verir?

11 Noyabr 2022 11:21 (UTC+04:00)

Prezident İlham Əliyevin noyabrın 8-də, Zəfər günü Şuşada hərbçilər qarşısında çıxışı olduqca tutarlı mesajlar baxımından əhəmiyyət daşıyır. Prezident həm Ermənistana, həm də onun havadarlarına vacib mesajlar ötürdü. “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək.” bəyanatı bir daha Ermənistanın sülh sazişini imzalamaqdan başqa yolunun olmadığını göstərir. Bizə qarşı hansısa bəd fikirdə olan istənilən qüvvə bizim yumruğumuzu bir daha görəcək. “"Fərrux" əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar.” fikirlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadıqca, Azərbaycan daha da irəli gedəcək mesajı verilir, digər tərəfdən isə Qarabağla bağlı proseslərin Azərbaycanın daxili işi olduğu bildirilir.

Bu çıxışda sülhməramlıların “ən azı 20 il Qarabağda qalmasına” çağırış edən Ermənistan və qondarma separatçı rejimə “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər” xəbərdarlığının isə hədəfi həm ermənilər, həm də ruslardır. Bu bəyanatla Əliyev diqqəti o məqama çəkdi ki, Bakı sülhməramlıların növbəti 5 ildə qalması üçün müraciət etməyəcək. Bununla da, Ermənistana bildirki ki, addımlarınızı buna uyğun müəyyənləşdirin və nə qədər ki gec deyil, separatçıları çıxarıb sülh sazişini imzalayın. Qarabağda daha uzunmüddətli qalmaq üçün planlar quran, Vardanyanı Xankəndinə yerləşdirən Rusiyaya isə mesaj verir ki, bu planlar 5 ilin tamamında suya düşəcək.
“Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir.” sözləri məlum hadisələrdən sonra Ermənistanı müdafiə etmək məqsədilə sərhədə soxulmağa cəhd edən Fransaya ünvanlamış, heç təsadüfi olmayaraq, “banlamaq” ifadəsi işlədilmişdir. “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz”. Prezident çıxışının bu hissəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olduğunu da əlavə etdi.
Bütün bu mesajların yekunu olaraq isə əldə edilən əsas qənaət ondan ibarətdir ki, yaxın gələcəkdə Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər.
İlham Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir. Üstəlik, nəzərə alaq ki, bu cür praktiki addımların atılmasına rəvac verən hadisələr- Xankəndindəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı prosesin ciddiyyətindən xəbər verir. Atılacaq ən əsas addım isə Laçın dəhlizinin bağlanması ola bilər. Ermənilər dəhlizin qarşılığında nəinki Zəngəzurun açılması üçün tədbirlər görmür, hətta dəhlizi təyinatı üzrə istifadə etmir. Zəngəzur dəhlizinin işləkliyi təmin olunsa belə, Laçın dəhlizinin davamlı olacağı sual altındadır. Çünki, əvvəla, ermənilər öz riyakar xislətlərindən əl çəkən deyil, həm də Azərbaycan tərəfinin təklif etdiyi dəhliz bizim öz torpaqlarımıza keçidi təmin etdiyi təqdirdə, Laçın dəhlizi ermənilərin Azərbaycan torpaqlarına keçidinə yol açır.

Prezidentin çıxışında ilk dəfə adını çəkməsə də, İranın hərbi təlimlərinə münasibət bildirməsi də ən önəmli məqamlardan biridir. “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”.

Bütün bunlar göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Azərbaycan regional və qlobal məkanda sülhün təşviqedicisidir. Bunun üçün həm siyasi, həm iqtisadi, həm strateji imkanlar var. Lakin xoş münasibətimiz bizə qarşı adekvat münasibət göstərilən yerə qədərdir!!

Züriyə Qarayeva