Əliyevin Türk Zirvəsində Güney Azərbaycan mesajı - ŞƏRH

11 Noyabr 2022 12:12 (UTC+04:00)

"Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Güney Azərbaycanla bağlı mesajlar verdi. “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” sözlərini "Güney Azərbaycan işğal altındadır" kimi oxuya bilərik".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Bildirib ki, mesajlardan ikincisi, Türk dünyasının güneydəki soydaşlarımıza dəstək olmalı olduğu ilə bağlıdır.

"- “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”

- “Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”;

Üçüncüsü, Güney Azərbaycanın müstəqil olması, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatıb:

- “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”;

Dördüncüsü, Azərbaycan güneydəki soydaşlarımıza dəstəyini davam etdirəcək:

- “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza “yanınızdayıq” mesajıdır.