İbrahimbəyovun İsa Qəmbər açıqlaması Milli Şuranı parçalaya bilər – Qalmaqal

8 İyul 2013 09:23 (UTC+04:00)
ACP və ALP liderləri Milli Şura sədrinin Müsavat başqanının namizədliyini dəstəkləməsindən narahatdır

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun ötən həftə Azadlıq Radiosunun efirində Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı səsləndirdiyi fikirlər qurumda təmsil olunan bir sıra partiya rəhbərləri və siyasilər arasında ciddi narazılığa səbəb olub.

Milli Şuradakı mənbələrdən AzNews.az-a verilən məlumata görə, R.İbrahimbəyovun Müsavat başqanının namizədliyini dəstəkləməsi Milli Şurada birincinin namizədliyinə səs verən partiya rəhbərlərinin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, R.İbrahimbəyov İ.Qəmbərin namizədliyini geri çəkməməsi ilə bağlı məsələyə münasibət bildirərkən demişdi ki, onun Müsavat başqanına heç bir iradı yoxdur: "Məndən öncə Müsavat Partiyası İsa Qəmbərin namizədliyi barədə qərar verib və bu, partiyanın mövqeyidir. İndi o niyə bundan imtina eləsin? Sonra ümumi strategiyaya baxarıq, məqsədimizə çatmaq üçün nə hərəkət lazımdırsa, onu da edərik".

R.İbrahimbəyov özünün vahid namizədliyinin qeydə alınmayacağı təqdirdə İ.Qəmbərin namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavabında isə belə demişdi: "...birdən mənim namizədliyim qeydə alınmasa, mütləq demokratik qüvvələrin nümayəndəsinə, İsa Qəmbər də hörmətli adamdır, demokratik qüvvələrin çoxdankı liderlərindən biridir, biz ona dəstək verəcəyik".

Milli Şuradakı mənbənin sözlərinə görə, R.İbrahimbəyovun bu açıqlaması qurumda təmsil olunan partiyalardan konkret olaraq, ALP və ACP rəhbərliyinin etirazına səbəb olub. Bildirilir ki, ALP lideri Lalə Şövkət və ACP lideri Rəsul Quliyev artıq bu məsələ ilə bağlı R.İbrahimbəyova öz etirazlarını bildiriblər.

Məlumata görə, İ.Qəmbərin Milli Şuranın namizədi kimi seçkilərə qatılmasının birmənalı əleyhinə olan adıçəkilən partiyaların rəhbərləri R.İbrahimbəyovun Müsavat başqanının namizədliyini dəstəkləyəcəyi halda ona verdikləri dəstəyi geri çəkəcəklərinə eyham vurublar. Bildirilir ki, ACP sədri Sülhəddin Əkbər bu məsələni Milli Şuranın üçüncü sessiyasında müzakirəyə çıxara biləcəkləri barədə qurumun icra aparatı rəhbəri E.Namazova məlumat verib. O, R.İbrahimbəyovun qeyd olunan açıqlamasına redaktə etməsini və Müsavat başqanının namizədliyinin əleyhinə olduğu ilə bağlı yeni açıqlama verməsini istədiklərini bəyan edib.

Şübhəsiz ki, bu barədə göstəriş konkret olaraq partiyanın lideri Rəsul Quliyevdən gəlib. Onu da qeyd edək ki, mətbuatda dəfələrlə yazılanlara istinad etsən deyə bilərik ki, adı çəkilən partiyaların rəhbərləri R.İbrahimbəyova məhz İ.Qəmbərin seçkilərdə namizəd olmaması üçün dəstək veriblər.

Daxil olan məlumatda o da bildirilir ki, R.İbrahimbəyovun İ.Qəmbərin namizədliyini dəstəkləyə biləcəyi ilə bağlı açıqlamasından narazı olan şəxslər təkcə adıçəkilən partiyaların nümayəndələri deyil. Bildirilir ki, əslində bu məsələdən narazı olan tərəflərdən biri də AXCP rəhbərliyidir. Sadəcə, partiya sədri Əli Kərimli Müsavat başqanı ilə münaisbətlərini korlamamaq üçün indiki məqamda susqun qalmağa üstünlük verib.

Mənbənin sözlərinə görə, bu məsələ kritik məqama girsə və İ.Qəmbərin Milli Şuranın namizədi olmaq variantı ciddiləşsə, AXCP rəhbərliyi də buna etirazlarını bildirəcək. O da bildirilir ki, Milli Şurada təmsil olunan xeyli sayda müstəqil şəxs də İ.Qəmbərin vahid namizəd olma ehtimalından narahatdırlar.

Milli Şurada təmsil olunan qaynağımızın sözlərinə görə, əgər qarşıdakı aylarda qurumun seçkilərə İsa Qəmbərin də alternativ namizədliyini qəbul edərək getməsi məsələsi ciddiləşsə, MŞ-dəki İ.Qəmbər əleyhdarları səslərini qaldırmağa başlayacaqlar. Bu zaman isə MŞ-in seçkilərə qədər indiki formatında qalmaya biləcəyi iddia edilir.

Görünür, hələ Milli Şura yaranmamışdan əvvəl bu qurumun məhz İ.Qəmbərin vahid namizəd olmaması üçün yaradıldığı ilə bağlı mətbuatda yazılan yazılarda həqiqət payı varmış. Hazırda qurumda bu məsələnin ehtimal kimi ortaya çıxmasından belə narahat olan siyasilərin varlığını nəzərə alsaq, bu fikirlərin heç də əsassız olmadığını demək olar.

Xatırladaq ki, ALP lideri L.Şövkətlə Müsavat başqanı arasındakı münasibətlər 2010-cu ildə korlanmışdı. Müsavat başqanı ölkədə Rusiyaya işləyən bəzi partiya sədrlərinin olduğunu bildirmiş, mətbuat isə İ.Qəmbərin məhz L.Şövkəti nəzərdə tutduğunu yazmışdı. Bunun ardınca isə mətbuatda bu barədə gərgin polemikalar açılmışdı.

ACP lideri R.Quliyevlə Müsavat başqanının münasibətlərindəki soyuqluq isə 2005-ci ilə parlament seçkilərindən sonra yaranıb.

Elnur
AzNews.az