İki "professor"un söhbəti

13 Noyabr 2022 13:09 (UTC+04:00)

Qubad İbadoğlunun YouTube kanalında Hacıbaba Əzimovun "od püskürəcəyi" və "ona qarşı qarşı həyata keçirilən sui-qəsd təşəbbüsləri" barədə sensasiya xarakterli açıqlamalar verəcəyi ilə bağlı gurultulu anonsla tanış olduqdan sonra, "kommunist iməcliklərinin kommunist tərbiyəsindəki rolu" haqqında fantastik dərəcədə "dahiyanə" kəsflərdən ibarət dissertasiyanın müəllifi, "görkəmli şaumyanşünas professor" və nəhayət, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədrinin çıxışını izləmək qərarına gəldim. Partiya demişkən, adı özündən böyükdür. Əgər partiyanın adı ilə üzvlərinin sayında yaxından uzağa əlaqə olsaydı, o zaman VAMBP yox, sadəcə "P" adlandırılmalıydı. Yəni "Partiya"...

Mətləbə keçək.

Hacıbaba Əzimovun qırıq-qırıq, rabitəsiz mülahizələrində yer alan absurd iddialara, az qala bütün ölkəni "Vətən xaini" elan etmək cəhdlərinə, "sui-qəsd" barədə heç bir dəlil-sübutu olmadan, ağlı başında olan hər kəsin, ən yaxşı halda qəhqəhə çəkib gülə biləcəyi ittihamlara xüsusi diqqət ayırmayacağam. Sən demə, "ad günü münasibətilə ona göndərilən tort zəhərli olubmuş", amma ayıq-sayıq olduğu üçün "sui-qəsd baş tutmayıb". Qarşısındakı "Amerika professoru" isə "sovet professoru"nun səsləndirdiyi ağlasığmaz ittiham və iddialara başını yelləyib dəm tutmaqla kifayətlənir və soruşmur ki, sizə göndərilən tortun zəhərli olduğunu hansı labaratoriyanın rəyinə əsasən iddia edirsiniz? Haradan bildiniz tort zəhərlidir? Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdinizmi?

Bir nəfər qəzəbi ağlını başından alan, yaşına-başına hörmət qoymayan kəs heç bir əsas, fakt olmadan başqalarını xüsusilə ağır cinayətdə ittiham edir, amma özünü "demokratiya və insan haqları carçısı" hesab edən "Amerikalı professor" susur və donuq üz cizgilərini titrətməklə absurd teatrının görüntülərinə tragik elementlər qatmağa çalışır. Nə isə…

Əzimovun dərdi pensiya dərdidir. Və bu pensiya dərdinə görə, hətta Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, Cümhuriyyət qurucularının Vətən və Xalq qarşındakı xidmətlərini belə şübhə altına almağa hazırdır.

Məsələn, deyir ki, "Azərbaycan Xalq Cümhuriyyətini heç bir dövlət tanımayıb və Cümhuriyyətin heç bir dövlətlə diplomatik münasibətləri olmayıb". Doğrusu, "kommunist iməcliklərinin kommunist tərbiyəsindəki rolu" və "26 Bakı komissarı" haqqında namizədlik və doktorluq dissertasiyaları yazan bir adamdan başqa bir yanaşma da gözləmirdim.

İndisə, klassik sovet tarixçisi Hacıbaba Əzimovun diqqətinə çatdırım ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti, Bakıda isə Böyük Britaniya, Belçika, Yunanıstan, Danimarka, Fransa, İsveçrə və İsveçin konsulları, İranın baş konsulu, İtaliyanın səkkizinci missiyasının rəhbəri, Ermənistan və Gürcüstanın diplomatik nümayəndəlikləri, Litva, Finlandiya və Polşanın konsul agentləri, ABŞ və Ukraynanın vitse-konsulları fəaliyyət göstərib.

Azərbaycanın müstəqilliyi 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransın Ali Şurası tərəfındən tanındıqdan sonra hökumətin hazırladığı “Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi Parlamentdə müzakirə olunub və qəbul edilib. Həmin qanuna görə, 1920 il aprelin 1-dən etibarən Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi.

Lakin Hacıbaba Əzimovun "elmi" təbliğatçısı olduğu sovet-bölşevik rejiminin beynəlxalq hüquq normalarım kobudcasına pozaraq Şimali Azərbaycanı işğal etməsi və de-fakto tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətini aradan götürməsi nəticəsində Azərbaycanın xarici ölkələrlə diplomatik əlaqələrinə və beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyulub.

"Şaumyanşünas professor" daha sonra iddia edir ki, "Cümhuriyyət dövründə dövlət atributları qəbul edilməyib" və bunu Əzimovun "biz" deyə nişan verdiyi insanlar ediblər.

Bəs faktlar nə deyir?

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da Azərbaycanın Dövlət Gerbi haqqında müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət Gerbi haqqında qərarın qəbulu mümkün olmayıb.

Azərbaycan Respublikasının bugünkü gerbi isə Xalq Cümhuriyyətinin elan etdiyi müsabiqəyə təqdim olunan gerb layihələrindən biridir. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Cümhuriyyət üçün yaradılıb.

Cümhuriyyətin dövlət himni ilə bağlı məsələ də gerblə eynilik təşkil etdiyi üçün təkrara ehtiyac duymuram.

Əsas mahiyyət ondan ibarətdir ki, həm bayrağımız, həm gerbimiz, həm də himnimiz varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətindən miras qalıb.

Həşəmətli "tarixçi-alim" bildirir ki, "onsuz da bütün postsovet ölkələrində 1918-ci ildə respublika elan olunmuşdu" və burada Cümhuriyyət qurucularının fədakarlığını önə çəkə biləcək heç nə yoxdur. Həmçinin "postsovet ölkələri 1918-ci ildə qurduqları respublikaların elan edildiyi günləri müstəqillik günü kimi qeyd etmirlər". Deyəsən, bu adamın tarixdən olduğu kimi coğrafiyadan da xəbəri yoxdur.

"Sovet professoru"nun danışdığı cəfəngiyata başı və üz cizgiləri ilə dəstək verən "Amerikalı professor"un diqqətinə çatdırım ki, SSRİ-ni ilk olaraq, Litva, Latviya və Estoniya tərk edib. Beləliklə, Estoniyada Dövlət Müstəqilliyi Günü fevralın 24-də qeyd olunur. 1918-ci il fevralın 24-də Estoniyanın dövlət müstəqilliyi haqqında Tallin Bəyannaməsi qəbul olunub. 20 avqust isə Estoniyada dövlət müstəqilliyinin bərpası günüdür. Çünki 20 avqust 1991-ci ildə Estoniyanın Ali Soveti müstəqilliyin bərpası ilə bağlı qərar qəbul edib. Göründüyü kimi, sözügedən dövlətlər bizdən fərqli olaraq, zamanında hər şeyi öz adı ilə çağırıblar. Biz isə illər sonra "istiqlalçı" olmaq iddiasını istiqlaldan üstün tutanların buraxdığı səhvləri düzəltmək məcburiyyətində qalmışıq. Halbuki Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci ildə qəbul etdiyi sənəd "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə" adlanır. Amma öz yarımçıq personajlarını Azərbaycanın istiqlal tarixindən üstün tutan hikkəli cənablar, müstəqillik tariximizin onlardan başladığıni iddia etmək və saxta tarix "qayırmaq" üçün qəbul etdikləri konstitusiya aktına "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" adını vermək qərarına gəliblər.

Qayıdaq yenidən postsovet məkanı barədə iddialara…

1918-ci ildə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan adlı dövlətlər olmadığı üçün, şübhəsiz ki, onların dövlət müstəqillikləri ilə bağlı tarixi faktlarla vaxt sərf etmək niyyətində deyiləm. Belarusun dövlət müstəqilliyi günü Minsk şəhərinin faşizm işğalından azad olunduğu gündür…

Rusiyada, hazırda "dövlət müstəqilliyi günü" deyilən bir anlayış yoxdur. Federasiyanın suverenliyi ilə bağlı qərarın qəbul olunduğu tarix isə "Rusiya günü" kimi qeyd olunur.

Ukrayna da öz müstəqilliyininin tarixini SSRİ-nin süqutundan hesablayır. Öz işləridir. Onsuz da hər üç slavyan respublikası digərlərinin varlığını unudaraq hələ sovet dövründə BMT-də suveren subyekt kimi təmsil olunurdu...

Doğrusu, bura qədər yazdıqlarıma xeyli vaxt sərf etsəm də, ağız-ağıza verib uzaq və yaxın tarixi təhrif edənlərin utanmazlığından utandım.

Allah səbr versin… Görünür hələ uzun müddət ölkənin siyasi arenasının aşınmış "üz qabığını" təmizləməklə məşğul olacağıq.

Elçin Mirzəbəyli