Səmərqənd Zirvəsi və İranın Türk Dünyasına təhdidləri -ANALİZ

14 Noyabr 2022 09:00 (UTC+04:00)

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX zirvə görüşünün gündəliyi, müzakirə olunan məsələlər, liderlərin çıxışlarında önə çəkilən və strateji xarakter daşıyan fikirlər dövlətlərimizin daha sıx əməkdaşlığına və birliyinə təkan verməklə ciddi tarixi hadisəyə çevrildi. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi və onun nitqi Türk Dövlətləri Təşkilatının üzvlərinin həm ayrı-ayrılıqda, həm də qarşılıqlı əməkdaşlıq, dostluq və müttəfiqlik münasibətləri müstəvisində birgə yürüdəcəyi aktiv siyasətin anonsu idi. Dövlət başçısı öz çıxışında milli və suveren dövlətlərimizin hüdudlarından kənarda yaşayan türklərin hüquqlarının, azadlıqlarının və təhlükəsizliyinin qorunmasını prioritet bir məsələ kimi gündəmə gətirdi, bütün milli və mədəni hüquqları tapdalanaraq assimliyasıya təhlükəsi ilə üzələşən soydaşlarımızın problemlərinin sistemli şəkildə diqqətdə saxlanılmasının vacibliyindən danışdı:

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Bəli, Azərbaycan prezidentinin tam haqlı şəkildə qeyd etdiyi kimi, Türk dünyası 200 milyondan çox insan potensialına, geniş coğrafiyaya və təbii resurslara malikdir. Əgər böyük dövlətçilik ənənəsinə və zəngin tarixə malik olan TÜRK SOYU arasında həmrəylik və qarşılıqlı əlaqələr güclənərsə, ən müxtəlif səviyyələrdə çoxşaxəli əməkdaşlıq sistemi formalaşarsa, dünyanın dəyişən konfiqurasiyasında fərqli bir güc mərkəzi kimi çıxış edə bilərik. Bu baxımdan prezident İlham Əliyevin bir neçə həftə öncə- oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən etdiyi çıxışın bəzi məqamlarını xatırlamağa xüsusi ehtiyac var.

Azərbaycanın dövlət başçısı həmin görüşdə bəyan edir:

“Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq”.

Prezident daha sonra bildirir:

“Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq. Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur”.

İlham Əliyev sözlərinə belə davam edir:

“Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.

Beləliklə, Azərbaycan Prezidentinin Səmərqənd görüşündən öncə və TDT-nin IX Zirvə Toplantısında ifadə etdiyi fikirləri belə ümumiləşdirmək olar:

Hazırda Türk Dövlətlərinin müstəqilliyini və Türk Dövlətlərinin rəsmi sərhədlərindən kənarda yaşayan soydaşlarımızı təhdid edən ən ciddi amillərdən biri İran İslam Respublikasıdır. İran həm öz coğrafi mövqeyinə, həm militarist xarakterinə, həm də şovinist və fundamentalist ideologiyasına görə bütün Türk xalqlarının qarşısındadır. Yada salmaq kifayətdir ki, Azərbaycandan savayı Türkiyə, Türkmənistan və Qazaxıstan da İranla torpaq və ya su qonşusudur. Eyni zamanda, İranda assimliyasiya təhlükəsi ilə üzləşən sadəcə Azərbaycan türkləri deyil. Güney Azərbaycanın tarixi hüdudlarından kənarda on milyonlara türk yaşayır və onlar hətta azərbaycanlılardan da daha ağır formada assimliyasiya siyasətinə məruz qalırlar. Belə bir şəraitdə İran İslam Respublikasının beynəlxalq hüquq normaları heçə sayaraq atom silahı əldə etməsi təkcə türk qonşularının problemi olmayacaq. Bəli, İran İslam Respublikası əldə edəcəyi kütləvi qırğın silahı ilə Turan coğrafiyasına, ərəb aləminə, ümumiyyətlə bütün dünya üçün təhlükə yaradır və həmin andan geopolitik şərtləri dəyişərək Yaxın və Orta Şərqdə hərbi baxımdan qardaş Türkiyədən belə daha təsirli hərbi oyunçuya çevrilir.

İran İslam Respublikası yarandığı gündən ABŞ-la ziddiyyətdədir və “Soyuq müharibə” başa çatdıqdan sonra Rusiyanın himayəsində uran zənginləşdirməyə və atom silahı əldə etməyə çalışıb. Lakin Rusiya-Ukrayna savaşı beynəlxalq arxitekturanı çökdürüb və belə bir şəraitdə İranın diplomatik manevrlərlə vaxt udaraq məqsədinə nail olmaq üçün imkanları xeyli dərəcədə tükənib. Rusiya ilə müqayisədə heç bir halda proqnozlaşdırılmayacaq bir dövlət olan İranın əlinə bu cür dağıdıcı silah keçirməsi Ukrayna böhranı ilə atom bombasının təhlükəsini olduqca dərindən hiss edən dünyanı narahat etməyə bilməz. Odur ki, ABŞ İranla “nüvə müzakirələri”nin qapısını bağlayıb və bununla da bütün super güclərə mesaj verib ki, İran rejiminin şıltaqlıqlarına dözmək bəşəriyyətə xəyanətdir. Nəticədə İrana qarşı beynəlxalq sanksiyaların sərtləşəcəyini təxmin etmək çətin deyil. Görünən budur ki, İran ötən əsrin ortalarında Prussiya imperiyasının aqibətini yaşayacaq və likvidasiya ediləcək.

Prussiyadan söz düşmüşkən bütün müqayisələrin uğursuz olmasını xatırladaraq Böyük Fridrixi yada salmaqda fayda var. Məşhur imperator Prussiyaya qarşı koalisiyanın gücləndiyini görüb situasiyanı dəyişmək üçün 1756-ci ildə Saksoniyanı işğal etmişdi. Beynəlxalq mediada yer alan xəbərlər göstərir ki, İran daxildə üzləşdiyi xalq etirazlarından və iqtisadi sanksiyaların növbəti dalğası qarşısında özünü sığortalamaq üçün regionda yeni eskalasiya yarada bilər. Görünür, İran öz qonşuları arasında Azərbaycanı “daha gənc” görərək məhz bizim sərhədimizdə hərbi təlimlərə başladı və bununla da Tehran mollaları 1979-cu ildən bəri ən böyük səhvini etdi. Əvvəla, Azərbaycan Silahlı Qüvvələri İran ordusundan kəmiyyətcə geri qalsa da, keyfiyyətcə çox-çox öndədir. Müasir savaşları kəmiyyət deyil, keyfiyyət udur. Əks halda, Ukraynanın paytaxtı Kiyev şəhərində çoxdan Rusiya bayrağı dalğalanmış olardı. İkincisi, Azərbaycan İrandan fərqli olaraq siyasi cəngəllikdə tənha yaşamır, modern dövlətdir və başda Türkiyə olmaqla dünyada xeyli yaxın müttəfiqi var. İranın Azərbaycana qarşı həddini aşması dörd bir yandan hücuma məruz qalması ilə nəticələnər. Nəhayət, Güney Azərbaycanda prezident İlham Əliyevin fotoları divarlara 40 milyonluq bir millətin sevgisinin təzahürü kimi asılır. Molla rejimi Arazdan quzeyə əzələ nümayiş etdirmək barədə düşünəndə, görünür, İlham Əliyevi öz lideri hesab edən Güney Azərbaycan xalqının iradəsini hər zaman olduğu kimi nəzərə almaq istəməmişdi. Ancaq bizim- o taylı-bu taylı Azərbaycan xalqının nəzərə aldığı ibrətlər var. Bu ibrətlərdən birincisi Tehranda rejim dəyişikliyinin cənublu soydaşlarımıza firəvanlıq gətirəcəyi barədə əsatirlərə inanmadan məhz milli istiqlaliyyət uğrunda mübarizə aparmaq; İkincisi isə, Güney Azərbaycanın milli hərəkatının liderlərini və fəallarını şovinist fars teokratiyasının repressiyalarından qorumaqdır.

"İntibah" Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi