"Qarabağda separatçıların təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir"

18 Noyabr 2022 13:22 (UTC+04:00)

Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir. Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir.

Bununla bağlı AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Vardanyan bununla hiyləgər gediş etmək istəyir.

"İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər. Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq", - deyə E. Şahinoğlu əlavə edib.

Politoloq qeyd edib ki, həmin ermənilər müstəqil olmayacaq, Araik Arutunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər: "Demək belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir".