İsrailin Baş Qərargah rəisi ABŞ-a səfər edəcək

18 Noyabr 2022 17:34 (UTC+04:00)

İsrail Müdafiə Ordusu Baş Qərargahının (TSAXAL) rəisi general-leytenet Aviv Koxavi noyabrın 19-da regionda təhlükəsizlik məsələlərini, eləcə də İranın təhdidlərini müzakirə etmək üçün ABŞ-a rəsmi səfər edəcək.

Aznews.az “Report”-a istinadən xəbər verir ki, məlumatı Baş Qərargah yayıb.

Məlumata görə, səfər zamanı A.Koxavinin Yaxın Şərqdə sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub. Bildirilib ki, bu, Baş Qərargah rəisinin vəzifədə işlədiyi müddətdə Vaşinqtona ikinci səfəridir. Səfər beş gün davam edəcək.

A.Koxavi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və başqa yüksək rütbəli rəsmilərlə görüşləri də planlaşdırılıb. Bundan başqa A Koxavi ABŞ Mərkəzi Komandanlığının (Centcom) Florida ştatının Tampa şəhərindəki qərargahına baş çəkəcək, orada general Erik Kurilla ilə işgüzar görüş keçirəcək.

Xatırladaq ki, 2023-cü il yanvarın 17-dən general-mayor Gersi A-Levi Baş Qərargahın rəisi vəzifəsini icra edəcək. Ona görə bəzi mənbələri bunu A.Koxavinin ABŞ-a sonuncu səfəri sayırlar.