Baş həkim stulla adam vurdu

8 İyul 2013 14:15 (UTC+04:00)
Bir neçə gün öncə Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) dava düşüb. Bu barədə Qaynar.info-ya Nəsimi rayon GEM-dən məlumat verilib.

Məlumatda bildirilir ki, GEM-in baş həkimi Azad Rəşdiyev "Əmək Gigiyenası" şöbəsinin həkimi Fərman Cəfərovla dalaşaraq onu döyüb. Baş həkimlə şöbə həkimi arasında dava elə bir həddə çatıb ki, onlar hətta stulları götürərək bir-birinin başına çırpıblar.

Məlumata görə baş həkim davadan sonra polisə müraciət edərək F.Cəfərovun onu döydüyünü xəbər verib. Amma məsələ hələ ki, gizli saxlanılıb. Belə ki, A.Rəşdiyev şöbənin həkimi F.Cəfərovdan ərizəsini yazıb işdən getməsini tələb edib. Baş həkim şərt kəsib ki, əgər o, ərizəsini yazıb könüllü işdən çıxsa, hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürəcək.

Məsələ ilə bağlı Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Azad Rəşdiyevlə əlaqə saxlanılıb. O, məlumata aydınlıq gətirmək əvəzinə, "Mənim nömrəmi sizə kim verib? Bu məlumatı sizə kim verib, onun adını deyin, aydınlıq gətirim" deyərək telefonu qapadıb.

Qeyd edək ki, son günlər Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağlı mediada müntəzəm məlumatlar yayılır, burada işçilərin təzyiqlə üzləşdiyi bildirilir.

AzNews.az