Hüseyn Abdullayevin adından yayılan bəyanat təkzib edildi
8 İyul 2013 14:48 (UTC+04:00)
"Beynəlxalq axtarışa verilmiş Hüseyn Abdullayevin bir neçə gün əvvəl mətbuatda yayılan bəyanatı saxtadır və onun bu bəyanatdan xəbəri yoxdur"
Bunu AzNews.az-a H.Abdullayevin vəkili Kamandar Nəsibov bildirib.
Vəkilin sözlərinə görə, qeyd olunan bəyanat yayıldıqdan sonra H.Abdullayevla əlaqə saxlayıb və keçmiş millət vəkili bunu inkar edib: "Bəyanatda elə şəxslərin adı çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib. Bu məsələnin prezidentlə, birinci xanımla nə əlaqəsi var? Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir. Guya onun ailəsinə qarşı da cinayət işi açılıb, yaxud əlində ifşaedici materiallar var. Bunlar heç bir əsası olmayan məlumatlardır və Hüseyn Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur. Çünki mən ondan məsələ qanuni yola həllini tapana qədər mətbuata heç bir açıqlama verməməsini istəmişdim. Birdən-birə belə bir bəyanatın ortaya atılması Hüseyn Abdullayevin ailəsini də qəzəbləndirib. Anası hazırda mənim yanımdadır və bəyanatı qətiyyətlə inkar edir. Onlar da Hüseyn Abdullayevlə əlaqə saxlayıblar. Sabiq millət vəkili ailəsinə də belə bir bəyanat vermədiyini bildirib".
Qeyd edək ki, bir neçə gün öncə H.Abdullayevin adından sensasion bəyanat yayılmışdı. Bəyanatda ölkə başçısı və birinci xanım, eləcə də bir neçə nazir kəskin şəkildə tənqid olunmuşdu.
Elnarə Əlosmanqızı
AzNews.az