Aydın Mirzəzadə moldovalı ombudsmana müraciət ünvanlayıb

8 İyul 2013 15:53 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir ki, Moldovanın parlament vəkili Aureliya Qriqoriunun iyulun 4-də Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən beynəlxalq tədbirdə çıxışı Azərbaycanda böyük maraqla qarşılanıb:

"Çıxışınızda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımı barədə fikirlər səsləndirməyiniz Sizin Dağlıq Qarabağ münaqişəsinin tarixindən yaxşı məlumatlı olmanızı sübut edir".

Millət vəkili müraciətində qeyd edib ki, Ermənistan SSRİ dağıldıqdan sonra ölkəmizin daxili siyasətindəki mürəkkəb situasiyadan istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işgal etdi, 1 milyon vətəndaşımızı məşburi köçkün halına saldı, Xocalı soyqırımı və yüzlərlə digər faciələr törətdi. Bütün bunlar postsovet tarixinin qara səhifələrindən sayıla bilər.

Müraciətdə deyilir ki, Ermənistan bu gün işgal etdiyi ərazidə öz silahlı qüvvələrini saxlayır və yeganə ölkədir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır:

"Ermənistan parlamentindəki beynəlxalq tədbirdə həqiqəti söyləməyiniz Sizin siyasi cəsarətinizdən və obyektivliyinizdən xəbər verir. Fərqli fikir söylədiyinizə görə Ermənistanda təhdidlərə məruz qalmağınız, ölümlə hədələnməyiniz, Sizə zor tətbiq edilərək iki gün ölkədən kənara buraxılmamağınız həmin ölkənin insan hüquqlarına olan münasibətini bariz şəkildə sübüt etdi. Bir Azərbaycan vətəndaşı və parlamentin deputatı kimi, obyektivliyinizə, siyasi cəsarətinizə və təhdidlərə baxmayaraq, mətinliyinizə görə sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin simanızda Moldova dövlətinə inkişafında uğurlar arzu edir, dost Moldova xalqına öz salamlarımı yetirirəm".

AzNews.az