Hacıbala Abutalıbov Bakı fəhlələrini arxayın etdi

8 İyul 2013 15:59 (UTC+04:00)
Bakının Nobel prospektindəki fəhlə abidəsinin yerindən götürülməsinə etiraz edən Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqının Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladığı müraciətə cavab verilib.

İttifaqın sədri Tofiq Məhərrəmovun Modern.az-a bildirdiyinə görə, H.Abutalıbov müraciətə cavab olaraq qeyd edib ki, Bakı şəhərinin Xətai rayonundan - Nobel prospektindən götürülən "Azad fəhlə heykəli" Nizami rayonunda yerləşən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı əraziyə köçürülüb.

"Hazırda heykəlin yeni yerində bərkidilməsi və ətrafında abadlıq işləri aparıldığı qeyd olunur" deyə T.Məhərrəmov H.Abutalıbova istinad edib. Bakı meri cavab məktubunda qeyd edib ki, yaxın günlərdə heykəlin quraşdırılması işləri başa çatdıqdan sonra onun ziyarət edilməsinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.

AzNews.az