Dünya turuna çıxan velosipedçimiz yırtıcılarla qarşılaşıb

8 İyul 2013 18:50 (UTC+04:00)
Ramil Ziyadovdan yeni xəbərlər var

Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səyahətə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov artıq 7600 kilometr yol qət edib. Yaponiyaya doğru hərəkət edən vətənpərvər səyyah Krasnoyarsk yaxınlığındadır: "Yollar çətinləşib. Demək olar ki, yoxuşdur. Ancaq yuxarı qalxıram".

Keçdiyi şəhərlərdə öz layihəsi ilə əks-səda doğuran R.Ziyadov Krasnoyarsk mətbuatının da diqqətini çəkib: "Krasnoyarskda Azərbaycan diasporuyla görüşdüm. Məni çox isti qarşıladılar. Rusiyanın "Vesti" kanalına müsahibə verdim. Azərbaycan haqqında məlumatlar verdim. Artıq İrkutsk istiqamətində istiqamət götürdüm".

Məlumata görə, Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir.

Səyahəti vaxtı çətin təbii şəraitlərə düşdüyünü deyən velosipedçi yırtıcı heyvanlarla da tez-tez qarşılaşır: "İndiyədək canavar, tülkü ilə qarşılaşmışam. Deyirdilər keçdiyim meşələrdə ayı çox olur. Amma hələlik ayı ilə qarşılaşmamışam".

Xatırladaq ki, maddi dəstək olarsa, səyyahımız Yaponiyadan sonra da ABŞ-a getməyi də düşünür.

Ruhiyyə
AzNews.az