Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

29 Noyabr 2022 17:56 (UTC+04:00)

Noyabrın 29-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Aznews.az-a verilən xəbərə görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maliyyə istintaqının yaradılması ilə bağlı baxılmaqda olan qanun layihələrinə dair ətraflı məlumat verib.

Görüşdə həmçinin cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğununun benefisiarı olduğu tvinninq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirilib, bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edilib.

Kamran Əliyev Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və həmin qurumlar arasında Avropa İttifaqının institutlarının xüsusi yer tutmasını xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolu olacağını vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunaraq, Azərbaycanla Litvanın hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.