Zahid Oruc:” İlham Əliyev təkcə bir partiyanın sədri deyil”

29 Noyabr 2022 20:12 (UTC+04:00)

Azərbaycanın müstəqilliyi ilə yaşıd olan hakim partiyanın yubiley mərasimində prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi. Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan etdi və onu alqışlarla qarşılayan yüzlərlə məsləkdaşları iləbərabər, 50-yə qədər partiya rəhbərinin öz siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə birgə görməsi tarixi hadisə idi. Unutmayaq ki, İlham Əliyev təkcə bir partiyanın sədri deyil, coğrafi sərhəd tanımayan milyonlarla azərbaycanlının lideridir. Ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional, konstitusion dəyişikliklər “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir.

Müzakirələr zamanı, “yeni qanuna nə üçün ehtiyac duyulur” sualı tez-tez səsləndiyi üçün üç mühüm səbəbi xüsusi vurğulmaq istərdik:
1.Qarabağın azad edilməsi ilə istisnasız olaraq, bütün siyasi partiyaların proqramlarının bir nömrəli vəzifəsi artıq yerinə yetirilib. 90-cı illərin işğalçılıq dalğasında meydana çıxan siyasi qüvvələr Zəfərdən sonra yeni siyasi və milli hədəfləri qarşıya qoymalıdır.
2.Əhatəmizdə regional və qlobal miqyasda baş verən hadisələr, prezident İlham Əliyevin “bir dil, bir din, bir millət, bir dövlət modeli” kimi Azərbycanın yeni ideoloji hədəflərini irəli sürüb. Belə şəraitdə xalqımız sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyur. İdeoloji fərqlərə baxmayaraq, ərazi bütövlüyümüzün pozulmasına heç vaxt yol verməyən güclü, azad, dövlətçi partiyalar gərəkdir.
3.Yeni qanun layihəsinin irəli sürülməsi o deməkdir ki, Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekun vurur. Dövləti zəiflədən, daxili qarşıdırmalara və kəskin siyasi qütbləşmələrə yol açan , bəzən hətta siyasi düşmənçilik kimi xarakterizə olunan münasibətləri arxada qoyaraq, siyasi qüvvələri xarici təsir və təzyiq alətinə çevirməkdən xilas edərək, əvəzində onları dövlət və hakimiyyət quruculuğunun ayrılmaz bir parçasına çevirən prezident İlham Əliyevin Vətən müharibəsində qələbədən sonra yeni-qalib siyasi sistem qurduğunu hamı nəzərə almalıdır.
Hörmətli sədr, Azərbaycan 2000-ci ilin yanvarında Avropa Şurasına üzv qəbul olunandan sonra, qanunların açıq və demokratik mühitdə qəbulu, müzakirələrdə plüralizmin təmin edilməsi, layihələrin hazırlanması, ictimailəşməsinin ağlabatan müddəti, dinləmələrin formatı beynəlxalq hesabatlarda əsas yer tutur. Sadə dillə desək, qanunların və hüquqi aktların beynəlxalq konvensiyaların tələblərinə uyğun olması kifayət deyil, onun hansı siyasi mühitdə və hansı məqsədlərlə irəli sürülməsi, nə qədər ictimai-siyasi qüvvənin müsbət rəyini alması və maraq qruplarını əhatə etməsi, açıq və şəffaf ictimai təqdimatı və qəbulunda demokratik prosedurların gözlənilməsi müsbət beynəlxalq rəy formalaşdırır. Ona görə də aşağıdakı faktları nəzərə almağınızı xahiş edirik:
• Layihə, parlament rəhbərliyinin qərarı qanunvericilik praktikasında ilk dəfə 8 sentyabr 2022-ci il tarixində dərc olunduqdan sonra plenar müzakirələrdən 3 ay qabaq ictimai dinləmələr çıxarıldı və indi də müxtəlif platformalarda geniş müzakirə olunur.
• İkincisi, Milli Məclis rəhbərinin yaratdığı işçi qrupun fəaliyyəti, hüquqi, siyasi və təşkilati tədbirləri layihənin təkmilləşdirilməsində və mütərəqqi dəyişiklikliklərin həyata keçirilməsində müstəsna rol oynayıb. Parlamentin Aparatı və müvafiq şöbələri bütün informasiya platformalarında-media, sosial şəbəkələr və youtube kanallarında layihə ilə bağlı rəy və mövqeləri sistemləşdirərək işçi qrupuna təqdim ediblər və bu addım qərarları qəbuletməyə müsbət təsir göstərib.
• Lahinə Azərbaycan parlamentinin tarixində ilk dəfə, plenar müzakirələrə və ictimai dinləmələrə çıxarılmamışdan qabaq geniş ictimai rəy sorğusu, vətəndaşların layihədə əksini tapan, eləcə də bütövlükdə ölkəmizdə həyata keçirilən yeni idarəetmə və siyasi sistem quruculuğuna dair 40-dan çox sualdan ibarət sosioloji tədqiqat layihəsi çərçivəsində ictimai fikrin öyrənilməsi həyata keçirildi. Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinə göstərilən etimada görə bir daha təşəkkür edərək, Mərkəz təmsilçilərinə yaradılan yüksək mənəvi və texniki şəraitdə aparılan prezentasiyanın məhz partiyalar haqqında-yüz minlərlə insanın maraq və mənafelərini, fərqli ideoloji və siyasi baxışlarını təmsil edən ictimai institutların bir-birilə zidd olan mövqelərini uzlaşdırılmaq baxımından mütərəqqi addım kimi təqdir olundu, bir neçə müxalif partiya və 3-cü sektor təmsilçisinin çıxışlarında, eləcə kütləvi informasiya vasitələrində müzakirə mühitinin sağlam əsaslar və düzgün hüquqi-siyasi arqumentlər, tezislər və konsepsiyalar üzərində aparılmasını təşfiq edən hadisə kimi dəyərləndirildi. Həqiqətən də İsveçrə, Norveç və digər ölkələr üçün xarakterik olan plebisit, referendum və xalq demokratiyaları adlandırılan belə sorğuların Azərbaycanda ilk dəfə bir qanunun qəbulu prosesində tətbiqi yaxşı nümunədir və kolleqalarımız bu amili də çıxışlarında xüsusi vurğulaya bilərlər.
• Oktyabrın 24-də keçirilən birinci ictimai dinləmədə 44 siyasi partiyanın və dinləməni işıqlandıran 30-dan artıq media təmsilçisinin iştirak etdiyi müzakirələrdə, birincisi dəvətlərə hər hansı məhdudiyyət, süni baryer qoyulmadı, o cümlədən çıxışlar üçün də geniş vaxt verildi. İclasdan əvvəl Milli Məclisin rəhbərliyinin tədbirin keçirildiyi zala gəlməsi, partiya sədrləri ilə görüşməsi müsbət qarşılandı. Müzakirələrin 4 saat çəkdiyini, 32 partiya sədrinin 7 dəq-lik reqalementlə çıxış etdiyini, oktyabrın 24-dəki dinləmələrə qədər Pənah Hüseyn, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və digərlərinin kəskin tənqidlərinin xeyli azaldığını ictimai dinləmənin əhəmiyyətli məqamları kimi qeyd etməyə dəyər. Milli Məclis tərəfindən bütün elektron və yazılı KİV-lərin müzakirələrə dəvət olunması, aparılan canlı yayımlar, debatlar və diskussiyalar, son 3 ayda millət vəkillərinin məsələ ilə bağlı xüsusi aktivliyi layihənin təbliğinə və təkmilləşməsinə, eləcə də geniş ictimai məlumatlandırmaya müsbət təsir etdi. Beləliklə, siyasi partiyalarla parlament tərəfdaşlığının möhkəmlənməsi və media qanunvericilyində olduğu kimi, ölkəmizin beynəlxalq nüfuzunun qorunması baxımından ictimai dinləmələrin əhəmiyyəti danılmazdır.
• Noyabr ayının 4-də Fayemont otelində 3-cü sektor təmsilçiləri, qeyri-hökumət təşkilatları, blogerlər və politoloqların birgə iştirakı ilə 3 komitə, parlament partiyaları və Milli Məclis Aparatı rəhbərinin birgə iştirakı ilə növbəti dinləmə keçirildi. Azad şəraitində aparılan müzakirələr layihənin tərəfdarlarını artırmaq, əks arqumentləri azaltmaq və fərqli cinahda lobbi qazanmaq üçün faydalı oldu. 3-cü sektoru-QHT-ləri partiyaların uzantısı, bəzən ayrılmaz tərkib hissəsi, yaxud siyasi qüvvələrin maliyyələşməsinin mühüm kanallarından biri saysaq, o cümlədən beynəlxalq hesabatların hazırlanmasında onların rəyinin əhəmiyyətini vurğulasaq, keçirilən görüşü Milli Məclisi aktivinə yaza bilərik.
• Beləliklə, Milli Məclisdə 3 Komitə ilə birgə noyabrın 23-də keçirilən iclası bir neçə mərhələdən keçən müzakirələrin yekunu oldu və 8 sentyabrda ictimailəşən layihədə həyata keçirilən yeni 66 dəyişikliklə birgə, hələ plenar iclasa çıxarılmamış aparılan və partiyalar tərəfindən böyük rəğbətlə qarşılanan mühüm addımlardan sonra onun yeni variantı geniş ictimaiyyətə təqdim olundu. Xüsusi vurğulamaq istəyirik ki, hazırda qüvvədə olan qanun və 8 sentyabrda dərc olunan layihənin ilkin variantı ilə, hazırda müzakirəyə çıxarılan sənəd arasında köklü fərqlər, yenliklər var və ona görə də qanun layihəsini yeni olmaqla bərabər, mütərəqqi, beynəlxalq standartlara və tələblərə uyğun olduğunu əminliklə söyləmək olar. Bildirmək istərdik ki, sədrin tapşırığı ilə Komitələrin birgə iclasından sonra hörmətli Əli Hüseynli və mən, parlament binasında mətbuat konfransında iştirak etdik və bir çox sullara aydınlıq gətirməyə çalışdıq.
• 1992-ci ildə qəbul edilən və hazırda qüvvədə olan qanunu olduğu kimi saxlamağı təklif edən və bununla da yeni layihəyə qarşı çıxanlar son üç ayda aparılan demoktarik və açıq müzakirələr, çoxsaylı mütərrəqi dəyişikliklərdən sonra inanmaq istərdik ki, öz mövqelərinə yenidən baxacaqlar. Yalnız mənəvi baxımdan deyil, həm də hüquqi və siyasi cəhətdən köhnələn və məğlubiyyət dövrünü özündə əks etdirən 92-cı il qanununu yenisi ilə əvəz etmək partiyaları yeni kəmiyyət və keyfiyyət mərhələsinə çıxaracaqdır.
• Sorğular zamanı vətəndaşlarımızın 25 faizə qədərinin siyasi həyatla qətiyyən maraqlanmadığını bir daha xatırlayaraq, son dəyişikliklərin vətəndaşların ictimai və dövlət quruculuğu prosesində fəal iştirakına təkan verdiyini, partiyaların siyasi mühiti və siyasi məkanı formalaşdırmaqda rolunu artırdığını, qeyri-formal nüfuz sahiblərinin ölkəmizin həyatında aparıcı mövqe tutmasının qarşısını aldığını qeyd edə bilərik.
Hörmətli sədr, indi isə qısa şəkildə, layihənin hazırda qüvvədə olan və qeyd etdiyimiz kimi, birinci dərc olunan versiyasından fərqlənən əsas müddəalarını komitə rəhbərlə-rinin diqqətinə çatdırmaq istərdik.
• Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul olunub. Ötən müddət ərzində Qanunda 21 qanunla ümumilikdə 73 dəyişiklik edilib. İndi qüvvədə olan 4 fəsil və 22 maddədən ibarət olan qanunla müqayisədə yeni layihə 6 fəsil və 30 maddədən ibarətdir.
• Hazırda qüvvədə olan qanunda 22 maddə, 165 hissə mövcuddursa, 8 sentyabrda təklif olunan layihədə maddələrin sayı 30 olmaqla bərabər hissələrin sayı hazırki qanunla müqayisədə 165 deyil, 305-ə bərabər idi, axırıncı dəyişkliklərdən sonra isə onların sayı 319-a çatdırılıb. Beləliklə, qanun layihəsi ndi müzakirəyə çıxarılan formada qəbul olunarsa, təkcə sayca 8 yeni maddədən deyil. Eləcə də qanunda olan 15 maddənin 200-dən çox hissəsi tamamilə yenidir, layihədən çıxarılan 10 maddə əvəzinə 18 yeni maddə təklif olunmuşdur. Sizə təqdim etdiyimiz bu statistika qanunun tam həm konseptual, həm də hüquqi mənasına görə yeni olduğunu deməyə imkan verir.Təkcə 8 sentyabrda dərc olunan ilkin layihə ilə hazırda plenar müzakirələrə çıxarılan sənəd arasında edilən 66 dəyişiklik sübut edir ki. İctimai təzyiq və siyasi ittihamlarla deyil, sivil müzakirələr yolu ilə hazırki qanunu təkcə parlament partiylarının deyil, bütün siyasi qüvvələrin birgə sənədi adlandıraq.
• Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə); Xatırladaq ki, Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən Qanun layihəsində 112-si nəzərə alınıb.
• Venesiya Komissiyasının 2020-ci ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə təlimatlar”-orada 286 tövsiyə yer alıb və bu tövsiyələr 2010-cu ilin yenilənmiş versiyasıdır;
• Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”;
• Ümumi müddəalar və birinci fəsil əsas anlayışları, siyasi partiyalar haqda qanunvericiliyi, dövlət təminatlarını, onların təsis və fəaliyyət prinsiplərini özündə əks etdirir. İkinci fəsildə, partiyaların dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, siyasi partiyanın ləğvi, 3-cü fəsildə Siyasi partiyanın fəaliyyətinin təşkili, 4-cüdə siyasi partiyada üzvlük məsələlərini, 5-ci fəsildə siyasi partiyanın fəaliyyətinin maddi təminatı və sonuncu 6-cı fəsildə keçid müddəaları müəyyən edilib. Biz birinci oxunuşda konseptual və yeni olan müddəlar üzərində dayanacağıq.
• Layihənin hazırlanmasında siyasi partiyaların rolu irəli sürülən 47 partiyadan 350 yaxın təklifdən biri-birini təkrarlayan, layihə ilə bağlı olmayan, siyasi mühit, praktiki fəlaiyyət və dövlətlə münasibətlərə dair olanlarını çıxmaq şərtilə, yerdə qalanların ümumiləşdirilib və böyük əksəriyətinin nəzərə alınmasıdır. Ona görə də layihə bütün pariyaların (iki partiyanı çıxmaq şərtilə) birgə layihəsi- konsesus sənədi adlana bilər.
• Mübahisələrin əsasını təşkil edən müddəlardan biri-məhdudiyyətlərin qanunla müəyyələşdirilməsi məsələsi idi. Layihədə yeni 3.1-ci maddə irəli sürülür və qoyulan məhdudiyyətlərin Konstitusiyaya uyğun olması, həmin hüququn mahiyyətini dəyişməməsi, qanuni məqsədə yönəlməsi və həmin məqsədə mütənasib olması prinsipi əksini tapmışdır. Bu o deməkdir ki, siyasi mülahizələrə yol vermədən partiyalar fəaliyyətlərə qoyulan məhdudiyyələrə görə hüquqi müdafiə, immunitet, sipər qazanırlar.
• Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir (ilk dəfə).
• Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq (ilk dəfə).
• Ədliyyə Nazirliyinin yazılı xəbərdarlığında göstərilmiş pozuntuların vaxtında aradan qaldırılmaması halında siyasi partiyanın fəaliyyətinin apellyasiya məhkəməsinin qərarı ilə 1 ilmüddətinə deyil-əvvəlki layihədə olduğu kimi, indiki layihədə 2 aydan 6 ay müddətinədək dayandırılması nəzərdə tutulub (ilk dəfə).
• Siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməməlidir (maddə təkmilləşdirilmişdir).
• Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunub (ilk dəfə).
• Siyasi partiyanın icra orqanının rəhbərliyində Azərbaycan Respublikasının ərazisində son 20 ildə daimi yaşayan partiyanın üzvü təmsil oluna bilər, norması əksini tapmışdı. Bu müddəa mənfi ictimai reaksiyalar doğurdu və işçi qrup siyasi hımrəyliyi qorumaq, konsensusu təmin etmək üçün həmin maddəni layihədən tam çıxardı.
• Siyasi partiyanın sədri və sədr müavinləri Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər müddəası layihədən tamamilə çıxarılıb. Yeri gəlmişkən, belə senz və məhduyyətlər əvəzinə yeni stimullaşdırıcı maddələr layihəyə daxil edilib.
• Şəxs yalnız bir siyasi partiyanın üzvü ola biləcək (ilk dəfə). Onsuz da reestr tətbiq olunacağı təqdirdə, ikinci siyasi təşkilata üzvlüyə imkan verilməyəcək.
• Siyasi partiya üzvlərinin reyestrini müvafiq icra hakimiyyəti aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş dəyişikliklər barədə ildə bir dəfə(əvvəlki layihə bu iki dəfə idi) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək (ilk dəfə).
• Siyasi partiyanın üzvünün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqqının yuxarı həddi minimum əmək haqqının 35 misli-yəni, indiki hesabla 10.500 manatdan artıq ola bilməyəcək (ilk dəfə)-bir mənbədən asılı olmamaq üçün layihəyə daxil edilir və əksər Avropa qanunvericiliyində müövcuddur.Lakin minimum əmək haqları artıqdca həmin ilə birgə arta biləcəkdir.
• Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur (ilk dəfə).
• Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək (ilk dəfə).
• Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər (maddə təkmilləşdirilmişdir).
• Siyasi partiyanın əldə etdiyi aşağıdakı maddi yardım da ianə hesab olunacaq (ilk dəfə):
- bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;
• Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il deyil, əvvəlki layihədə təklif olunduğu kimi, indi cəmi bir il ərzində dövlət maliyyə yardımı ödənilməməsi müddəası əksini tapıb (ilk dəfə).
• Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək (ilk dəfə).
• Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir (ilk dəfə).
• Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir (maddə təkmilləşdirilmişdir).
• Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər (ilk dəfə).
• Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır (ilk dəfə).
• Siyasi partiyanın sədri və sədr müavinləri partiyanın icra orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər (ilk dəfə).
• Siyasi partiyanın yerli bölmələrinin yaradılması üçün əvvəlki layihə irəli sürülən 100 nəfərlik kvota tamamilə layihədən çıxaırlıb.
• Şəxsin siyasi partiyadakı üzvlüyü və onun partiyanın fəaliyyətində iştirakı, həmçinin siyasi partiya üzvlüyünün olmaması onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, hər hansı imtiyazın verilməsinə və ya qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtinaya əsas ola bilməz (maddə təkmilləşdirilmişdir).
• Yeni maddə: 3.4. Dövlət siyasi partiyaların fəaliyyəti üçün bərabər hüquqi şərait yaradılmasına təminat verir.Bu müddəa layihənin hakim partiyanın maraqları üçün yazıldığını iddia edənlərə ən yaxşı cavablardan biridir.
• Yeni maddə: 3.5. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Bu müddəa da məhdiyyətlərin və partiyaların fəaliyyətinə müdaxilənin qarşısını almağa xidmət edən kifatə qədər mütərəqqi müddəadır.
• Partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsi səsvermə hüquqlu vətəndaşların bir faizindən də aşağı göstəricidir, bu özlüyündə yetərincə demokratik normadır və Venetsiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi tövsiyyələrə-yəni, səsvermə hüquqlu əhalinin bir faizi normasına tam uyğundur. Göründüyü kimi, son 30 ildə əhalinin 40 faiz artması və güclü partiyalar sisteminin qurulması məramına uyğun kvotanın müəyyənləşməsi vətəndaşların birləşmə azadlğını məhdudlaşdırmır, əksinə əhalinin siyasi təşkilatlanmasına təkan verir və əsla diskriminasiya xarakteri daşımır.
• Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə-əvvəlki variantda tam etibarsız sayılacağı əvəzinə, indi məhkəmədə iddia qaldıracağı təsbit olunub.
• Partiyaların maliyyələşdirilməsi ilə dövlət büdcəsindən ayrılan vəsaitin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür; Həmin vəsaitin 2,5 faizi bu Qanunun 25.2.4-cü maddəsində nəzərdə tutulmuş siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünür. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəaların layihədən çıxarılması, əvəzində seçki kampaniyasında iştirak üçün daha stimullaşdırıcı normanın Azərbaycanın müstəqillik tarixində ilk dəfə qanunuvericilik layihəsinə daxil edilməsi birləşmək və siyasi proseslərdə təşkilatlanmaq, dövlət həyatında iştirak etmək üçün vətəndaşları aktviliyə səsləməklə yanaşı, Milli Məclisdə təmsilçilik hüququ qazanmayan nisbətən zəif partiyaları maddi cəhətdən gücləndirməyə imkan yaradır, onların qeyri-rəsmi və kriminal pullardan, o cümlədən xarici maliyyə mənbələrindən asılığına zərbə vurur. Azərbaycanda ilk dəfə, dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir modeli qanunvericiliyə daxil edir. 25.2.4 və 24.2.5 maddələrini bu baxımdan inqilabi addımlar kimi xarakterizə oluna bilər. Əlbəttə, Venesiya Komissiyasının 2010- cu il tövsiyyələrində qeyd olunduğu kimi, burada yalnız bir mənbədən-dövlət vəsaitindən asılı olmamaq üçün keçid müddəlarında qeyd olunub ki, həmin vəsaitin yuxarı həddi partiyanın illik gəlirlərinin iki misli həddində olmalıdır və bu düzgün yanaşmadır. Digər tərəfdən, indiyədək illik hesabatlarında gəlirlərini “sıfır” kimi göstərən təşkilatlar artıq qanuni fəaliyyətdə, belə demək olarsa, qeyri-formal gəlirlərini rəsmiləşdirməkdə maraqlı olacaqlar ki, dövlət büdcəsindən maliyyələşə bilsinlər. Xatırladaq ki, partiyaların maliyyələşməsinə başlanıldığı 2010-cu ildən bu yana parlamentdə təmsil olunmayan, lakin 3 faizlik həddi keçən siyasi qüvvə olmayıb. Bu isə fakitiki həmin normanın qeyri-işlək duruma gətirib. Ona görə də “seçkilərdə iştirak etməyən partiyaların cəzalandırılması doğru deyil” deyənlərin mövqeləri nəzərə alınıb, həmin müddəa layihədən çıxarılıb, lakin seçkilərə və siyasətə marağı daha da artıran mühüm yeni qərar verilib. İnanırıq ki, bu müddəalar siyasi rəqabətdə, açıq mübarizə müstəvisində köklü keyfiyyət dəyişikliyinə səbəb olacaq və dövlət üçün partiyaları kadr bazasına çevirəcək, daha məlumatlı və maariflənmiş birliklərinin yaranmasına kömək edəcəkdir.
• Yeni qanun qəbul olunarsa, artıq qeydiyyata alınmış 58 partiyanın hazırki müddəalara uyğunlaşmaq üçün müəyyənləşən zaman prosedurlarının hamısı iki dəfə artıb-yəni 90 gün əvəzinə 180 gün ərzində üzvlərin siyahısı və sair veriləcək.
Hörmətli sədr, yekunda bir daha parlamentə, onun timsalında dövlətimizə və Qələbəmizə mühüm töhfə olan açıq və demokratik müzakirə mühitinə, prinsipial davranışa, xoşgörüyə və yüksək siyasi dözümə görə sizə işçi qrupu adından səmimi təşəkkürlərimizi bildiririk. İnanırıq ki, “Media haqqında” qanunun qəbulu zamanı nümayiş etdirdiyiniz prinsipialllıq, komandalılıq və dövləti ideallara sədaqət, və aşkarlıq mühiti Milli Məclislə mətbuat orqanları arasında sağlam münaisbətləri möhkəmləndirdiyi kimi, siyasi partiyalara-dövlət və hakimiyyət quruculuğunun əsas institutu kimi yanaşılmasında sonadək davam edəcək, mütərəqqi qanunun qəbuluna imkan verəcək və siyasi mühitin canlanmasına, çoxpartiyalılıq üçün əsasların genişlənməsinə töhfə olacaqdır.