Andrey Yermak Ceyk Sallivanla telefonla danışıb

30 Noyabr 2022 13:28 (UTC+04:00)

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Andrey Yermak həmsöhbətinə cəbhədəki əməliyyat vəziyyəti, eləcə də Rusiyanın Ukraynanın dinc əhalisinə qarşı terroru davam etdirməyə hazırlaşdığı barədə məlumat verib.

Tərəflər qış dövrünün keçməsini təmin etmək üçün Ukraynaya dəstəyin göstərilməsi məsələsini müzakirə ediblər.

Dövlət başçısı aparatının rəhbəri noyabrın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən başladılan “Ukraynadan taxıl” humanitar proqramına dəstək verdiyinə görə ABŞ-yə minnətdarlığını bildirib. Andrey Yermak vurğulayıb ki, bu təşəbbüsün həyata keçirilməsi Rusiyanın Ukraynanın ərzaq ixracı yollarını bağlaması səbəbindən aclıq astanasında olan Afrika və Asiya ölkələrinə kömək edəcək.

O, bütün dünya ölkələri üçün azadlıq, ədalət və təhlükəsiz gələcək uğrunda mübarizədə Ukraynanı dəstəklədiklərinə görə Ceyk Sallivana, ABŞ prezidenti Cozef Baydenə, Konqresə və bütün Amerika xalqına təşəkkür edib.

Pərvanə