"Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir və tərəfsiz deyil" - ŞƏRH

30 Noyabr 2022 13:47 (UTC+04:00)

Nə tökərsən aşına o da çıxar qarşına. Gec ya tez, fərq etməz.

Ermənilər 30 ildir işğal etdilər, ərazi bütövlüyü prinsipini pozdular, sonda məğlub oldular, indi məhz həmin prinsipi dünya qarşısında qaldırıb qarşımızda tələblər qoyurlar.

Ermənilər 30 ildir danışıqlarda Azərbaycanı dəstəklədiyi üçün Türkiyənin vasitəçi olaraq iştirakına etiraz etdi. İndi biz vasitəçi olaraq Fransanın iştirakına etiraz edirik. Tamamilə də haqlıyıq. Çünki Fransa da açıq şəkildə Ermənistanı dəstəkləyir və tərəfsiz deyil.

Fransa məhz erməniyönlü baxışlarıyla Avropanın Azərbaycanla enerji əməkdaşlığına etiraz etdi. Allahın sopası yoxdur ki... Avropa Parlamentinin ispan deputatı Fransanın enerji idxal etdiyi əsas ölkə olan Əlcəzairlə Aİ-nin enerji əməkdaşlığına etiraz etdi. Təbii ki, Aİ fransız və ya ispan deputatların şəxsi-milli maraqlarına görə ümumittifaq maraqlarını qurban verəsi deyil və Azərbaycanla olduğu kimi, Əlcəzairlə də əməkdaşlıq baş tutacaq.

İndi isə biraz fərqli aspektdən baxaq:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hələ 1919-cu ildə müstəqilliyə can atan Qarabağ ermənilərinin Azərbaycan Xalq Cumhuriyyəti tərkibində qalmasına vasitəçilik etmişdi.
İndi Britaniya özü Şotlandiyanın müstəqillik üçün referendum keçirilməsi tələbi qarşısında qalıb. 2014-cü ildə belə bir referendum keçirilmiş və şotlandların 55%-i Krallıq tərkibində qalmağa səs vermişdi. İndi isə Britaniya Ali Məhkəməsi növbəti referendumun keçirilməsini qadağan/qeyri-leqal elan edir.

Beynəlxalq hüquqda presedent hüququ deyə bir termin var. Odur ki, 1991-ci ilin 10 dekabrında ermənilərin Qarabağda mərkəzi Azərbaycan hakimiyyətinin izni olmadan və müvafiq olaraq bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirilən referendum qeyri-qanunidir. Burada sadəcə Şotlandiya nümunəsi presedent təşkil etmir. Həm də SSRİ qanunları, Konstitusiyasının müvafiq maddələrinə də əsasən bu qeyri-qanuni idi.

Top Azərbaycanın Böyük Britaniya diplomatlarındadır: BB XİN-ə gedib, qəşəngcə müvafiq Məhkəmə qərarına görə təbrik edib, Azərbaycan tarixindən məqamları xatırladıb, regiona yönəlik müsbət mesajların ötürülməsi gündəmə yetəri qədər faydalı ola bilərdi.

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi