Sərnişin təyyarəsi Almaniyada qəzaya uğradı

9 İyul 2013 08:01 (UTC+04:00)
İrana məxsus sərnişin təyyarəsi Almaniyada qəzaya uğrayıb. APA-nın "Radiofərda"ya istinadən məlumatına görə, hadisə iyulun 7-də yerli vaxtla 11:44-də baş verib.

"İranAir" hava yolları şirkətinə məxsus "Airbus - İ300-310" model sərnişin təyyarəsi Almaniyanın Hamburq beynəlxalq hava limanına enərkən əyləc sistemi işləməyib.

Təyyarə yalnız uçuş-enmə zolağının kənarlarındakı müdafiə divarlarına toxunaraq dayana bilib. Pilotların ustalığı sayəsində təyyarə və içərisindəkilər heç bir xəsarət almayıb. Daha sonra sərnişinlər təyyarədən çıxarılıb, təyyarə özü isə baxış üçün anqara aparılıb. Hadisə səbəbindən Hamburq beynəlxalq hava limanı bir müddət bağlanıb.

İmam Xomeyni adına Tehran beynəlxalq hava limanından Hamburqa yola düşmüş təyyarə geri qayıtdığı zaman da Sloveniyanın paytaxtı Lyublana şəhərinin aeroportuna məcburi eniş edib və sərnişinlər yalnız 4 saat gecikməklə İran paytaxtına çatıblar.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İran sərnişin təyyarələri Avropa aeroportlarında yanacaq doldurmaq və digər xidmətlərdən məhrum olunub. Eyni zamanda sanksiyalardan dolayı İran aviaparkını yeniləyə, təyyarələrini lazımi ehtiyat hissələri ilə təmin edə bilmir və hazırda istifadə olunan təyyarələrin istismar müddəti çoxdan başa çatıb.

AzNews.az