Məşhurların dəbdə olan gözəllik sirri - QURU FIRÇALAMA

5 Dekabr 2022 12:23 (UTC+04:00)

Qədim zamanların üsulu olsa da, son illərdə sosial mediada yenidən gündəmə gələn "quru fırçalama" heç bir kosmetik vasitə olmadan tətbiq edilən mexaniki pilinqdir. Bundan istifadə edən məşhurlar arasında aktrisa Qvinet Peltrou, supermodel Miranda Kerr və musiqiçi Alisiya Keys də var.

Bədənə qulluq mövzusundan söz düşəndə artıq quru fırçalama texnikasından da danışılır.

Aznews.az bildirir ki, dermatoloqlara görə, quru fırçalama dərinin bərpasını və rahatlamasını dəstəkləyir. Qan dövranını artırır və ödemi aradan qaldırır.

Mütəxəssislər bu üsulun digər fayda və zərərlərini də açıqlayıb:

◊ Səhər oyanan kimi, fırçalama prosesini ayaqlarınızdan ombalarınıza qədər tətbiq edə bilərsiniz. Qollarda isə, əllərdən çiyinlərə doğru fırçalamaq məqsədəuyğundur.

◊ Dərini qıcıqlandırmayacaq materialdan hazırlanmış fırça seçilməlidir. Quru fırçalama üsulu
5-10 dəfə tətbiq edildikdən sonra dəriyə bədən losyonu çəkilməlidir. Həssas və quru dərisi, allergik təbiəti, atopik dermatiti olanlar və ya menopoz səbəbiylə dərisi quruyanların bu üsula müraciəti məsləhət deyil.

◊ Quru fırçalama günün istənilən vaxtı tətbiq oluna bilər, lakin səhər saatlarında daha təsirli olacaq. Günəşlə təmas ediləcəksə, axşam saatlarına üstünlük verilməlidir. Quru fırçalama bədənin uclarından bədənin mərkəzinə doğru aparılmalıdır.

◊ Quru fırçalama bədəndən ölü dərini təmizləyir və qan dövranını artırır. Toxumaların kollagen strukturuna müsbət təsir göstərir. Dərinin bərpasını və rahatlamasını dəstəkləyir. Ödemli görünüşü yüngülləşdirir. Ölü dərinin çıxarılmasına və dərinin rahat nəfəs almasına imkan verir. Qan dövranını artırır və bədəndən toksinlərin çıxarılmasında təsirli olur, beləliklə sellülitin azalmasına və sallanmanın qarşısının alınmasına kömək edir. Ancaq sellülit çox mürəkkəb bir vəziyyət olduğundan, heç bir üsul tək başına "portağal qabığını" yox edə bilməz.

◊ Xüsusilə toyuq dərisi xəstəliyi (keratosis pilaris) olanlar bu üsuldan faydalana bilərlər. Qan dövranını sürətləndirən metod toxumalarda oksigeni artırır ki, bu da dərinin özünü yeniləməsinə kömək edir. Həftədə bir dəfə tətbiq oluna bilər.

◊ Baş dərisinə quru fırçalama qan dolaşımını artırmağa və saç köklərini gücləndirməyə kömək edir. Lakin onu sərt şəkildə tətbiq etsək, saçın quruluşunu pozaraq, qırıqlara və saç tellərinin tökülməsinə səbəb ola bilər. Beləliklə, fırçalama ehtiyatla aparılmalıdır.

◊ Yaxşı olar ki, saçlar bir az nəm olanda fırçalansın. Yaş saçları qalın və geniş aralıqlı daraqlarla, quru saçları isə uclarına nəmləndirici məhsullar sürtməklə və ya yüngül su ilə nəmləndirməklə daramaq olar. Hər iki halda, kəskin hərəkətlərdən qaçınmaq lazımdır.

◊ Daraqlar müəyyən aralıqlarla təmizlənməlidir. Həddindən artıq fırçalamadan çəkinmək lazımdır.

◊ Qaşlarınızı da uyğun bir fırça ilə daraya bilərsiniz. Yenə də incə bir tərzdə.

◊ Fırçalama üsulunu dırnaqların mexaniki pilinqi kimi də istifadə etmək olar.

Üz isə həssas bölgədir. Ümumiyyətlə, üzdə skrab, fırça kimi mexaniki soyma - pilinq üsullarından istifadə etmək düzgün deyil. Üzümüz həssas bölgədir. Bu cür tətbiqlər xroniki qıcıqlanmaya və kapilyarın zədələnməsinə səbəb ola bilər.

Nuray

AzNews.az