Qəhvə rənginin qışı

5 Dekabr 2022 13:48 (UTC+04:00)

Qara rəng həm qüsurları örtdüyündən, həm də bütün rənglərlə uyğunlaşdığı üçün çoxumuzun qarderobunda böyük yer tutur. Bəs, bu qış bu klassik tünd rəngi qəhvəyi ilə əvəz etməyə nə deyərdiniz? Üslubu ilə diqqət çəkən bir çox dəb yayıcıları qara əvəzinə qəhvəyi rəngə üstünlük verməyə başlayıb.

Qəhvəyi nədənsə illərdir sevilmir, bir çoxumuzun qavrayışında “köhnə” rəng olaraq qalır. Ancaq bu mövsüm qəhvəyi rəngli paltarlar həm yüksək moda, həm də stil ikonlarının təsiri ilə çox populyarlaşdı. Üstəlik, düşünülənin əksinə, qəhvəyi bir çox rənglə asanlıqla uyğunlaşa bilir. Çoxları bu birləşmədən qaçsa da, əslində qara-qəhvəyi dueti gözəl harmoniyadır. Xüsusən də bu qışda. "Qəhvəyini başqa hansı rənglərlə uyğunlaşdırmalıyam" sualı ilə maraqlanırsınızsa, gəlin birlikdə nəzər salaq...

Qəhvəyi qış...

Qəhvəyi rəngə ən çox yaraşan rənglərdən biri şübhəsiz, mavidir. Mavinin hər çaları ilə birləşdirə biləcəyiniz şokolad qəhvəyi rəngi, təbii ki, cins şalvarın ən mükəmməl seçimi olacaq. Xüsusilə də mavi cins şalvarla qara ayaqqabı geyinməyi sevməyənlər qəhvəyi tonların lehinə qış ayaqqabılarını seçə bilərlər.

- İlhamınızı payız yarpaqlarından alaraq, sarı tonlarla qəhvəyi rəngdən istifadə edə bilərsiniz. Siz hətta sarı və qəhvəyi tonlarla üslub yarada və qış hələ hiss olunmamış payız yarpaqları arasında fotoşəkillərinizi çəkdirə bilərsiniz.

- Bu qış başımızı hara çevirsək, canlı çəhrayıları görməyə davam edəcəyik, ona görə də bu rəngi qəhvəyi rənglə də istifadə etməsək olmaz. Çəhrayı rəngin ən isti çalarındakı sviteri qəhvəyi şalvarla birləşdirin.

- Qara və ağ birləşmə nə qədər simvolikdirsə, qəhvəyi və ağ birləşmə də bir o qədərdir. Qışda ağ şalvar geyinməkdən çəkinməyin, qəhvəyi çəkmələrlə bu fərqli bir qış olacaq.

Qəhvəyi rəngin müxtəlif çalarları ilə yaradılmış bu üslub "Hermes"in Payız-Qış 2022-ci il kolleksiyasındandır. Bu mövsüm müxtəlif yüksək moda brendlərinin qəhvəyini çəhrayı və mavi ilə birləşdirən üslubları da var.

2022-23 Payız-Qış podiumlarında bu rəng daha çox dəri palto və gödəkçələrdə görülür.

Xüsusilə, dizdən aşağı uzanan modellər qara rəngə əlavə olaraq acı qəhvə rəngi ilə dizayn edilib. Bu paltolar ən çox qəhvəyi, çəhrayı və ya təbii tonlarda parçalarla birləşdirilir. Həmçinin, bu rəngin yaydığı “mən güclüyəm” enerjisi ilə əlaqədar olaraq eyni güc enerjisini acı qəhvəyi tonlarda verən kostyumlar və gödəkçələr də görürük. "Brioni" və "Calcaterra" kimi brendlər bu dəstlərdə eyni rəngli köynəkdən istifadə edərək qəhvənin dozasını artırırlar.

Nuray

AzNews.az