Bu gün Milli Şurada İsa Qəmbərə şərt qoyulacaq

9 İyul 2013 08:27 (UTC+04:00)
Bu gün Milli Şuranın üçüncü sessiyasıdır.

AzNews.az-ın məlumatına görə, saat 11:00-da Açıq Cəmiyyət Partiyasının ofisində keçiriləcək sessiya jurnalistlər üçün qapalı olacaq.

Sessiyanın gündəliyinə Milli Şuranın komissiyalarının yaradılması, yeni üzvlərin qəbulu prosedurunun müəyyənləşdirilməsi, vahid namizədinin seçki qərargahının yaradılması məsələləri daxildir.

Sessiyanın qapalı keçirilməsinə səbəb kimi qurumda təşkilatdaxili məsələlərin müzakirəyə çıxarılması göstərilir.

Milli Şuradan AzNews.az-a daxil olan məlumata görə, sessiyanın qapalı keçirilməsinə əsas səbəblərdən biri qurumun budəfəki iclasının çox gərgin şəraitdə keçəcəyi ehtimalıdır. Milli Şuranın əsas liderləri sessiyadakı gərginliyin mətbuata çıxarılmasının əleyhinədir. Onlar düşünür ki, Milli Şura daxilində baş verəcək hər hansı gərginliyin mətbuata çıxması qurumun nüfuzuna xələl gətirir.

Əldə etdiyimiz məlumata görə, bu gün gündəliyə salınması təklif ediləcək əsas məsələ Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyindən imtinası məsələsidir. Bildirilir ki, Milli Şuradakı bir sıra şəxslər İ.Qəmbərin namizədlikdən imtina etməsi ilə bağlı gündəliyə təklif vermək niyyətindədir. Onlar MŞ-in seçkilərə yalnız və yalnız Rüstəm İbrahimbəyovun namizədliyi ilə getməsini tələb edirlər.

Qeyd edək ki, Milli Şura sədrinin dünən qurum üzvlərinə ünvanladığı müraciətdə də məhz bu məqam vurğulanırdı. Bir neçə gün öncə mətbuata verdiyi müsahibədə özünün qeydə alınmayacağı halda İ.Qəmbərin namizədliyini dəstəkləyə biləcəyini bəyan edən R.İbrahimbəyov dünənki müraciətində bu fikrindən imtina edib. O, müraciətində MŞ-in seçkilərə hər bir halda yalnız bir namizədlə getməli olduğunu bildirib.

R.İbrahimbəyov özünün namizədliyinin qeydə alınmaması halında belə, ikinci namizədin olmasının yolverilməzliyini bəyan edib.

Bugünkü sessiyada da elə məhz bu məqamın müzakirəyə çıxarılacağı gözlənilir. Milli Şuradakı R.İbrahimbəyov fraksiyası Müsavat başqanı İsa Qəmbərin namizədlikdən imtina etməsi üçün məsələni qurumda müzakirəyə çıxarmağı planlayır. MŞ-dəki İ.Qəmbər əleyhdarları Müsavat başqanına ictimai təzyiq etməklə onu seçki ilə bağlı qərarını dəyişdirmək məcburiyyətində qoymağa çalışırlar.

Elnur
AzNews.az