Sahibə Qafarova Türkmənistanda səfərdədir

7 Dekabr 2022 21:39 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

Milli Məclisdən verilən məlumata görə, Gülşat Məmmədova, cari ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini və bu səfər çərçivəsində Sahibə Qafarova ilə görüşünü razılıqla xatırlayaraq, səfərdən və Bakı konfransından yüksək təəssüratlarını bölüşüb. O, ölkəsinin Parlament Şəbəkəsində təmsilçiliyə böyük əhəmiyyət verdiyini deyərək, bu platformanın parlament diplomatiyasının imkanlarından daha səmərəli faydalanmaq baxımından önəmli olduğunu vurğulayıb.