Bakı Kəndlər Birliyinin rəsmisi: “Eldar Namazov məni 3 dəfə aldatdı”

9 İyul 2013 09:46 (UTC+04:00)
BKB-nin Nəzarət Təftiş Komissiyasının sədri Rüstəm İbrahimbəyova müraciət ünvanladı

Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Milli Şuraya rəsmi müraciət edib.

Bu barədə AzNews.az-a o özü məlumat verib. M.Babayeva deyib ki, MŞ-ə ünvanladığı müraciətin qurumun bugünkü sessiyasında müzakirəyə çıxarılması tələbini qoyub.

Onun sözlərinə görə, müraciət Milli Şura üzvü və "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin mətbuata verdiyi açıqlamalarla bağlıdır: "Eldəniz Quliyev barəmdə ölkə mətbuatında qadına yaraşmayan ifadələr işlədib. Hətta o, məni şər və şantajlara qərq edib. Mən heç nə demək istəmirdim. Amma Eldəniz Quliyevin hərəkəti məni özümdən çıxardı. Dəfələrlə yolumu dəyişdim, sonuncu dəfə ona xəbərdarlıq etdim, ailəsinə xəbər göndərdim. Amma olmadı. Çıxdı mətbuatda mənim haqqımda kişiyə yaraşmayan ifadələr işlətdi".

M.Babayeva bildirib ki, bununla bağlı MŞ-in icra aparatının rəhbəri Eldar Namazova müraciət edib: "Eldar Namazov məni 3 dəfə aldatdı. Görünür, onun öz təşkilatında ya hörməti yoxdur, ya da onu saymırlar. Ona görə məcbur olub, birbaşa cənab Rüstəm İbrahimbəyov və Milli Şuraya müraciət etdim. Qoy, Rüstəm İbrahimbəyov olanlardan xəbər tutsun. Görsün ki, onun ətrafında olanlar insanlar kimdir? Əgər bunlar demokratiyadan, mənəviyyatdan danışırlarsa, necə olur ki, şəxsən tanıdıqları xanıma qarşı atılan şərlərə dözürlər?".

BKB rəsmisinin sözlərinə görə, bu gün rəsmi müraciəti şəxsən Eldar Namazova təqdim edib: "Cürətləri çatırsa, müzakirə etməsinlər. Əks halda, mətbuat konfransı keçirəcəyəm: Eldəniz mənim şərəf və ləyaqətimi alçatdığına görə, onu Milli Şura üzvü kimi məhkəməyə verəcəm".

Elnur
AzNews.az