Qurban Məmmədov milli maraqlarımızı İrana niyə qurban verir?

9 Dekabr 2022 20:25 (UTC+04:00)

On gündən çoxdur ki, sosial şəbəkələrin Azərbaycan seqmentində İranın “Səhər” kanalında aparıcının respublikamıza qarşı ittihamları paylaşılır. İranın xüsusi xidmət orqanları tərəfindən yönəldilən “Səhər TV”-nin bir neçə manqurt, milli heysiyyatdan uzaq, müti və kölə əməkdaşlarının öz qapalı dünyalarında guya Azərbaycan rəsmilərini fakt qarşısında qoymaq cəhdini əks etdirən görüntülərin sosial şəbəkədə yayılması üçün molla rejiminin trollarının əldən-ayaqdan getdiyi çox açıq görsənir. Ancaq mollasevərlər bu məqsədlərinə heç cür nail ola bilmirdilər. Hətta “Tik-tok” platformasında da ələ salınır, lağa qoyulurdular. Odur ki, İranın anti-Azərbaycan kampaniyasının əsas tezislərinin fərqli bir platformaya və bu dəfə şimali azərbaycanlıların əli ilə daşıyacağı gözlənilən idi. Sadəcə, bu işi kim boynuna götürərdi?

Bir neçə gün öncə Səhər TV-nin manqurt aparıcısı öz neqativ enerjisi, savaddan və bəsirətdən uzaq İranpərəstliyi ilə “Azerifreedom”da peyda oldu. Qurban Məmmədov öz kanalını İran propoqandasının ixtiyarına vermişdi. Hətta verilişdə izləyicilərinə “İran İslam Respublikası İlham Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına dəstək verərsə, ona münasibətimiz müsbət olmamalıdırmı” sayaq özünün təbirincə desək “qorxulu”, daha dəqiq ifadə etsək, avantürist sualla müraciət də etmişdi. Bu da İran trollarına şərait yaradırdı ki, öz rəylərində Azərbaycan dövlətinə nifrət püskürüb İrana sevgi ihzar etsinlər. Qurban Məmmədov bütün bunların fərqində olmayacaq, Azərbaycanla İran arasında gərginliyin Tehran rejiminin İrəvana hər cür dəstək verməsi səbəbindən pik həddində olduğu bir zamanda tutduğu əməlin nəticələrini hesablaya bilməyəcək biri deyil. Doğrudanmı, Məmmədovun gözü Azərbaycan hakimiyyətinə şəxsi qərəzindən elə tutulub ki, iqtidara deyil, dövlətə və millətə qarşı çıxış etdiyini, Tehran mollalarının alətinə çevrildiyini fərq etmir? Əgər bu anti-Azərbaycan fəaliyyətinin səbəbi emosionallıq deyilsə, o zaman işin içində İranın dinarı axtarmaq lazım gəlir. Ancaq bu bizim deyil, Azərbaycan xüsusi xidmət orqanlarının işidir.

Bütün hallarda Qurban Məmmədov təcrübəli hüquqşünas kimi çox yaxşı bilir ki, Cinayət Məcəlləsinin 274-cü maddəsinə görə, dövlətə xəyanət Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə ilə yanaşı, həm də “Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə” əməlidir. Bu əməlin cəzası isə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmədir. Əlbəttə, bütün Azərbaycan vətəndaşları kimi Qurban Məmmədovun da təqsirsizlik prezumpsiyası var və məhkəmənin hökmü olmadan heç kimi ittiham etmək, xüsusən də dövlətə xəyanətdə suçlamaq olmaz. Ancaq hər bir əməlin bir mənəvi tərəfi, ictimai məsuliyyəti, siyasi sorumluluğu var. Qurban Məmmədov hüquqşünas kimi də, siyasətçi kimi də, bloqqer kimi də bu məsuliyyəti hiss etməyə borclu idi və borcludur.

İkinci Dünya Müharibəsi ərəfəsində Çində sağ və sol arasında amansız mübarizə gedirdi. Ancaq çin kommunistləri və milliyyətçiləri faşizm təhlükəsinə qarşı birləşməyi bacardılar. Ötən əsrin sonlarında- müstəqillik qazandığımız ərəfədə erməni faşizminə qarşı kommunistlərin və Qurban Məmmədovun da öncüllərindən olduğu hərəkatçıların ortaq məxrəcə gələ bilməməsi Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. Məhz bu işğal sonucunda rayonlarımız viran qoyuldu, əhalimiz məcbiri köçkün düşdü, milli tərəqqimizin önündə ciddi maneələr yarandı. Prezident İlham Əliyevin ardıcıl, sistemli və çoxşaxəli fəaliyyəti, diplomatik və sərkərdəlik məharəti, silahlı qüvvələrimizin şücaəti və yaranan tarixi fürsətdən doğru istifadə olunması nəticəsində “Qarabağ Azərbaycandır” nidası yenidən inzibati gerçəkliyə çevrildi. İndi işğaldan azad olunan torpaqlarımızı ziyarət edən hər kəs xarabalıqlarla qarşılaşır, doğmalarının məzarlarındakı başdaşını yerində tapmır. Evlərimizin də, məzarlarımızın da daşları sökülərək İrana aparılıb. Ermənilər talan və qarət üçün Azərbaycan kəndlərini, qəsəbələrini və şəhərlərini İrana topdan satıblar.

İranın Azərbaycana düşmən münasibəti siyasi hakimiyyətlərlə bağlı deyil. Ziddiyyətlər İslam Respublikasının və çağdaş Azərbaycan Cümhuriyyətinin ontologiyasından qaynaqlanır.

Birincisi, İRİ Şimali Azərbaycanın müstəqillik faktı ilə razılaşmır, barışa bilmir;

İkincisi, İRİ öz rəsmi ideologiyasını şiə dünyasına yaymaq istəyir ki, bu da sekulyar Azərbaycanın konstitutsion quruluşuna və dövlət təhlükəsizliyinə təhdiddir;

Üçüncüsü, İRİ Ermənistanı öz dostu və müttəfiqi hesab edir, İrəvana hər cür dəstək verməklə daşnakları, neo-faşistləri Azərbaycanın üstünə qısqırdır.

Dördüncüsü, İRİ nüvə silahı əldə etməyə çalışır və bu, təkcə Azərbaycana, qardaş Türkiyəyə qarşı yox, bütün bəşəriyyətə təhdiddir.

Beşincisi, İranda Pəhləvilər 1925-ci ildə hakimiyyəti ələ keçirib, islam inqilabı 1979-cu ildə baş verib. Şimali Azərbaycan müstəqil olana qədər sərhədlər qapalı olub. 66 il ərzində Güney Azərbaycandakı soydaşlarımızın hansı haqqı tanınıb, hüququ qorunub, milli inkişafına hansı şərait yaradılıb?

Bütüb bu gerçəklikləri Qurban Məmmədova bircə-bircə izah etmək lüzumsuzdur. Ancaq onun yadına bəzi olayları salmaqda fayda var. 2005-ci ildəki parlament seçkilərində Qurban Məmmədov “Azadlıq” blokunun aparıcı simalarından idi, narıncı qalstuk taxaraq tribunalara çıxır, Azərbaycanı “rəngli inqilab”a çağırırdı. “Qələbə” kinoteatrının qarşısında ABŞ prezidenti Corc Buşun portretləri qaldırılırdı. İndi bir “rəngli inqilab” ssenarilərinin baş tutduğu ölkələrə- Gürcüstana, Ukraynaya, Ermənistana nəzər salaq, bir də xalqın prezidentinə birmənalı dəstək verdiyi Azərbaycana. Əgər, 2005-ci ildə “narıncı ssenari” ilə Qurban Məmmədovun da daxil olduğu blok iqtidara gəlsə, sizcə, Azərbaycan Qarabağı işğaldan azad edə biləcəkdi, yoxsa yeni torpaqlar itirəcəkdi?

AzNews.az