Tanınmış jurnalistin səhhətində ciddi problem yaranıb

9 İyul 2013 10:40 (UTC+04:00)
Nicat Dağların müalicəsi ilə bağlı prezidentə müraciət olunacaq

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun yaxınları məlumat verib. Onun daxili və xarici qanaxmaları yaranıb, daha sonra müayinə zamanı qanının tərkibinin parçalandığı, nəticə olaraq ciyərinin, dalağının zədələndiyi, fəaliyyətlərində çatışmazlıqların olduğu aşkarlanıb. Onun durumu kritik həddə çatdığı üçün yaxınları Nicat Dağları müayinə üçün Gürcüstana aparıblar və orada analizlər verilib. Hələlik onun dəqiq diaqnozu açıqlanmayıb, həkimlər ciddi qan xəstəliyindən şübhələnirlər. İlkin müayinələr zamanı jurnalistin qaraciyərində çatışmazlıqların olduğu təsdiqlənib. Hazırda gürcü həkimlərin təyin etdiyi müayinələrdən keçir.

Nicat Dağların dostları, yaxınları onun müalicəsinə yardım göstərilməsi üçün ölkə rəhbərliyinə müraciət hazırlayırlar. Eyni zamanda lazımı xərcləri ödəmək üçün bank hesabı açmaq və marafon təşkil etmək qərarına gəlinib. Yaxın vaxtlarda marafonla bağlı məlumat veriləcək.

AzNews.az