NASA-nın "Orion" kosmik gəmisi Yerə qayıtdı

12 Dekabr 2022 12:24 (UTC+04:00)

Amerika Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən hazırlanan "Orion" kosmik gəmisi 26 günlük kosmos missiyasını tamamlayaraq Yerə qayıdıb.

AzNews.az xəbər verir ki, “Artemis” proqramı çərçivəsində sınaq missiyasını ekipajsız yerinə yetirən “Orion” kosmik gəmisi Ay ətrafında dövr etdikdən sonra Sakit Okeanda Meksikanın Qvadalupe adası yaxınlığında yerə enib.

"Orion" noyabrın 16-da Floridadakı Kennedi Kosmik Mərkəzindən NASA-nın bu günə qədərki ən güclü raketi olan Artemidanın göyərtəsində buraxılıb.

Orionun növbəti səyahətinin 2024-cü ilin son aylarında baş tutacağı və daha mürəkkəb missiyaları yerinə yetirəcəyi gözlənilir. 2025 və ya 2026-cı il ekspedisiyalarında Ayın səthinə yenidən insan ayağı dəyəcək.

"Biz Apollonun dövründə qeyri-mümkün olanı "mümkün" etdik. İndi bunu yenidən edəcəyik, amma bu dəfə fərqli bir məqsəd üçün. Bu dəfə biz Aya orada yaşamağı, işləməyi və istehsal etməyi öyrənmək üçün gedirik, çünki burada biz kainatı daha dərindən araşdıracağıq. Planımız 2030-cu ilin sonunda insanlarla Mars səfərinə hazır olmaqdır", - deyə NASA-nın rəhbəri Bill Nelson bildirib.

Pərvanə