Şuşada aksiya: Rus sülhməramlıları təxribat törədə bilər - ŞƏRH

12 Dekabr 2022 17:55 (UTC+04:00)

"Putinin Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir".

Bunu AzNews.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, sülhməramlılar modul tipli yataqxanalar quraşdırır, Xankəndindəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir: "Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır".

Politoloq qeyd edib ki, ruslar prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndiriləcəklər: "Rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır. “Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar və ya yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar", - o deyib.

A. Nərimanlı sonda vurğulayıb ki, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil.