Mehriban Əliyeva: Siyasət və dövlət adamı

16 Dekabr 2022 15:49 (UTC+04:00)

Azərbaycan tarixində böyük siyasətdə uğur qazanmış, bacarığı, fədakarlığı, əzmi və mərhəməti ilə bu tarixdə silinməz izi və əbədi yeri olan qadınlar olub.

Vətən və xalq üçün çalışaraq, onun rifahını ömrünün, fəaliyyətinin əsas qayəsi hesab edən, xeyriyyəçiliyi və xoşniyyətli əməlləri həyatının əsas amalı sayan qadınlar Azərbaycan dövlətinin möhkəmlənməsində, inkişafında yeni nəsillər üçün bir nümunəyə çevrilib. Zamandan asılı olmayaraq, müxtəlif çətinliklər və ideoloji fərqliliklərin təsirləri olduğu vaxtlarda belə, Azərbaycan qadını öz heyrətamiz üstünlüklərini qoruyub saxlamağı bacarıb. Tomris qəhrəmanlığından Sara xatun diplomatiyasına qədər Azərbaycan qadını dünyaya örnək olan davranış sahibi kimi tarixin yaddaşındadır. Müasir dövrümüzdə elm, səhiyyə və mədəniyyət sahəsində də bu uğurlar davam edir.

Müasir Azərbaycan qadını obrazı

Tariximizdə böyük fədakarlıq göstərən və iradə nümayiş etdirən qadınların bacarıqları müasir dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında, siyasi, iqtisadi, milli-mənəvi inkişafımızda və dövlətimizin güclənməsində yorulmadan çalışan xanımlar üçün istinad mənbəyi, yorulmazlıq, mübarizlik nümunəsidir. Bu, eyni zamanda bir enerjidir. Xalq, dövlət, dövlətimizin bu günü, gələcəyi, bugünkü və gələcək nəsillərin xoşbəxtliyi, firavanlığı üçün bu enerjini real proqrama çevirən və növbəti yüzillikdə missiyanı öz üzərinə götürən Mehriban Əliyevadır.

Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq, bu gün bacarığı, gözəlliyi, nəcibliyi, mübarizliyi və dünyagörüşünü özündə təcəssüm etdirməklə yanaşı, dünya üçün həm də siyasət və dövlət adamı olmaqla müasir Azərbaycan qadını obrazıdır.

Birinci vitse-prezidentin mədəniyyət, səhiyyə, elm-təhsil sahələrinin inkişafı üçün gördüyü böyük işlər, onun bu sahələrə olan xüsusi diqqəti və qayğısı təkcə vəzifə səlahiyyətlərindən deyil, həm də şəxsi keyfiyyətlərindən, daxili dünyasının zənginliyindən, elmi təfəkkürünün aliliyindən xəbər verir. Siyasi iradəsi, çevikliyi, məqsədlərin reallaşdırılması üçün sistemli proqramlara malik olması, bütün məsələlərdə xalqın və dövlətin maraqlarını nəzərə alması, fəaliyyətinin siyasi etiketlər çərçivəsində icrası onu göstərir ki, Mehriban Əliyeva siyasi dünyagörüşü olduqca zəngin bir dövlət adamıdır. Onun diplomatik etiketlər çərçivəsində, protokol qaydaları daxilində tərəfdaş qismində fəaliyyəti sosial statusundan, mövqeyindən asılı olmayaraq hamı tərəfindən qəbul edilir və bu, Mehriban Əliyevanın siyasi dünyagörüşünün diapazonunun ölçüyəgəlməz böyüklüyünü göstərir.

Birinci vitse-prezident kimi önəmli post tutan Mehriban Əliyeva dövlətçilik ənənəsinin daha da möhkəmlənməsi, dövlətin inkişafı, xalqın rifah halının yaxşılaşması üçün vəzifəsindən irəli gələn məsələlərin tez və çevik həllində, məhz bu bacarıqlarından faydalanır.

Mehriban Əliyeva fenomeni

Keçən əsrin 90-cı illərindən Mehriban Əliyevanın şəxsiyyəti hər zaman diqqət mərkəzində olub. Bu, o zamanlara təsadüf edir ki, Mehriban Əliyeva hələ BİRİNCİ LEDİ kimi Azərbaycanın ictimai-siyasi həyatında xüsusi yer tutmurdu. 90-cı illərin ortalarında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti olaraq nüfuz dairəsi diqqətləri xüsusi olaraq ona cəlb edirdi.

Qloballaşan dünyanın ali dəyərlərini, demokratik düşüncə sistemini özündə təcəssüm etdirən Mehriban Əliyeva fenomeni hər kəsin diqqət mərkəzindəydi. O zamanlarda belə Azərbaycanın gələcək Birinci xanımının fəaliyyəti təkcə ölkədə deyil, bütün dünyada diqqət mərkəzində olmaqla yanaşı, Şərq qadını obrazının yeni təcəssümü təəssüratını yaradırdı.

Dünya diqqət mərkəzində olan bu xanımın təkcə kübar, gözəl, xeyirxah, mərhəmətli qadın obrazından başqa, həm də üstün siyasi bacarıqlara, idarəetmə qabiliyyətinə malik bir dövlət xadimi olmasını çox qısa müddətdə qəbul etməli oldu. Xüsusən də söhbət qadından və onun təmsilçisi olduğu Şərqdən gedirsə, bu dəyişikliklər dünya tərəfindən asanlıqla qəbul edilmir. Ancaq Mehriban Əliyeva faktoru özünü qısa zamanda göstərdi və bütün dünya tərəfindən qəbul edildi. Dünyanın siyasi dairələri uzaqgörənlik, kübarlıq və dövlət xadimi olaraq siyasi, diplomatik bacarıq sahibini Mehriban Əliyevanın timsalında izlədi.

Mehriban Əliyeva Azərbaycan qadınını bütün dünyaya nümunə kimi göstərməklə yanaşı, təmsil etdiyi xalqın güclü tarixi-demokratik və tolerantlıq ənənələrinin mövcudluğunu bir daha nümayiş etdirdi.

Şəxsi keyfiyyətləri, uzaqgörənliyi, kübarlığı, siyasi-diplomatik bacarıqları özündə ehtiva edən prinsiplər həm Birinci xanım, həm də Birinci vitse-prezident kimi Mehriban Əliyevanın fəaliyyətinin daha uğurlu olmasına birbaşa zəmin yaradır.

Siyasət və dövlət adamları arasında nümunə

Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkənin inkişafı, iqtisadi qüdrətinin artırılması, vətəndaşlara dövlətin diqqət və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından yüksək dəyərləndirilir.

Mehriban Əliyevadan danışarkən diqqəti cəlb edən və üzərində xüsusi dayanmaq gərəkən məqam onun Azərbaycanın dünyada daha geniş spektrdə tanıtdırılması və inkişafına yönəlik fəaliyyəti paralel aparmasıdır.

İki fərqli istiqamət və hər iki istiqamətdə böyük uğur qazanılması, məhz Mehriban Əliyeva şəxsiyyətinin fərdiliyindəndir. Ölkədə siyasi, sosial-iqtisadi, milli- mənəvi uğurların əldə edilməsi üçün çalışmaq və nəticə əldə etmək vəzifə borcudursa, ölkənin uğurlarının dünya miqyasında tanıtdırılması mənəvi məsələdir. Mehriban Əliyeva öz fəaliyyətində bu iki istiqaməti paralel aparan və hər ikisində də uğurlu nəticə əldə edən dövlət adamıdır. Buna görə də dünyada müasir qadın siyasət və dövlət adamları arasında Mehriban Əliyeva nümunəsi xüsusi yer tutur.

Mehriban Əliyeva mandatını xalqdan alıb. Onun fəaliyyəti hər zaman xalqın sevgisinə, inamına və etimadına arxalanır. Bu mandatı daimi edən isə Mehriban Əliyevanın vətənpərvərliyi, humanizmi və xeyriyyəçiliyi, demokratik dəyərlərə sayğısı, bəşəri ideallara sadiqliyi, siyasi və diplomatik bacarıqlarıdır. Ona görə də o, bu gün təkcə Azərbaycanın yox, müasir dünyanın ehtiyacı olan şəxsiyyətlərdəndir.

Xüsusi qeyd edək ki, bütün dövrlərdə dünya siyasətində qadın liderlərə böyük ehtiyac olub. Müasir dünyanın problemlərinin çox, geopolitik vəziyyətin çətin olduğu indiki zamanda böyük siyasət adamı olan qadın zəkasına, diplomatik bacarıqlarına, siyasi fəhminə yenə də ehtiyac var. Mehriban Əliyeva bu baxımdan dünya siyasətində nüfuzlu və qəbul edilən, dinlənilən, ali kürsülərdən qaldırdığı məsələlərə xüsusi diqqət ayrılan siyasət və dövlət adamı olaraq, müasir Azərbaycan qadını obrazını tamamlayır. Onun ən ali kürsülərdə etdiyi çıxışlar, gündəmə gətirdiyi məsələlər, fikirlər müasir azərbaycançılıq ideyasının uğurla davam etdirilməsi ilə yanaşı, həm də ümumbəşəri məsələlərdir.

Vətənə və xalqa sonsuz sədaqət

Mehriban Əliyevanın ictimai və dövlət xadimi olaraq illərlə göstərdiyi fəaliyyəti cəmiyyətdə Vətənə və xalqa sonsuz sədaqət və sevgi nümunəsidir. O, ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin, eləcə də digər sahələrin, eyni zamanda cəmiyyətin inkişafına xidmət edən müxtəlif qlobal layihələrin həyata keçiriməsi ilə geniş ictimai rəğbət qazanıb.

Rəhbərlik etdiyi Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və nüfuzlu ictimai təşkilatıdır. Fondun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar uğurla icra olunub və davam edir. Təkcə onu xatırladaq ki, bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” və s. kimi böyük proqramların həyata keçirilməsi dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyət daşıyıb.

Mehriban Əliyevanın multikultural dəyərlərin qorunması, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun inkişafında müstəsna xidmətləri var. Onun təşəbbüsü ilə yerli və beynəlxalq səviyyədə həyata keçirilən layihələr öz üslubuna görə fərqlənir və yeni xarakter daşıyır. Bu təşəbbüslər dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsinə, mədəniyyətlərin qovuşmasına və birgə inkişafına xidmət edir. Bu kimi nəcib təşəbbüslər, sabit dünya modeli uğrunda irəli sürülən ideyalar onun böyük siyasət adamı kimi nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirir. Ümumbəşəri dəyərlərin qorunub saxlanması istiqamətində beynəlxalq fəaliyyəti Mehriban Əliyevanın şəxsiyyətindən, insan haqlarına, xalqların mədəniyyətlərinin qorunub saxlanması, inkişafına olan hörmətdən və dövlət adamı təfəkküründən irəli gəlir.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində fərq qoyulmadan, müxtəlif xalqları, etnik qrupları və mədəniyyətləri təmsil edən dini-tarixi abidələrdə, ziyarətgahlarda, məbədlərdə aparılan təmir-bərpa işləri onun multikultural dəyərlərə, mədəniyyətlərə olan münasibətinin göstəricisidir. Ölkənin Birinci xanımının fəaliyyəti təkcə ölkə miqyasında deyil, beynəlxalq aləmdə yetərincə böyük əhəmiyyət kəsb edir. Onun təşəbbüsü ilə dünya memarlıq abidələri irsinə daxil olan bir sıra tarixi məkanlarda təmir-bərpa işləri görülüb.

Bütün bunlar həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu gün bütün dünyada sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm ünvanı kimi tanınan Azərbaycanın müasir tarixdəki yerinin və rolunun möhkəmlənməsində Mehriban Əliyevanın müstəsna xidmətləri var. Birinci vitse-prezidentin yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Mehriban Əliyeva Azərbaycanın ev sahibliyi etdiyi bir sıra beynəlxalq tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsini, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəylik Oyunlarını xüsusi qeyd edə bilərik. Bütün bu tədbirlər yüksək peşəkarlıqla təşkil olunub və təşkilatçılıq işi dünyada analoqu olmayan formada həyata keçirilib.

Birinci vitse-prezidentin fəaliyyətində əhalinin həssas təbəqələrinə diqqət həmişə ön planda olub. Onun tapşırığı ilə şəhid ailələrinin, qazilərin, digər həssas qrupların problemlərinə xüsusi diqqət yetirilir və bütün dövlət qurumları bu məsələdə xüsusi həssaslıq göstərir.

Amma təkcə Azərbaycandamı? Nəinki ölkəmizdəki həssas qruplar, eləcə də dünyada qayğıya ehtiyacı olan həmin qruplar da Birinci xanımın diqqətindən kənarda qalmayıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb, Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilməsi və əsaslı təmiri, ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaq, gənclər üçün mərkəzin yenidən qurulması Birinci vitse-prezidentin humanizminin, insanlığa olan dəyərinin ən bariz nümunəsdir.

Prezidentlə çiyin-çiyinə

Mehriban Əliyeva hər zaman xalqın yanındadır, onun milli-mənəvi dəyərlərinin qorunmasına dəstəkdir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə Prezidentlə çiyin-çiyinə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm "Xarı bülbül" Musiqi Festivalının təşkili bu qəbildəndir.

Xatırlatmaq yerinə düşər ki, Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Vətən müharibəsində ağır yaralanan qazilər Türkiyəyə göndərilir, onların müalicəsinə və reabilitasiyasına xüsusi diqqət ayrılır.

Mehriban Əliyevanın şəhid ailələləri, qazilərlə görüşlərində sərgilədiyi səmimi münasibət, hər bir şəhid ailəsinə xüsusi diqqəti onun ANA nəvazişi və sevgisindən irəli gəlirsə, eyni zamanda dövlət təmsilçisi kimi xidməti vəzifəsini bacarıqla yerinə yetirməsindən doğur.

Mehriban Əliyevanın Qarabağda, Cıdır düzündə muğam səslənməsi istəyi ilə bu istəyin reallaşması arasındakı qısa zaman məsafəsi, həmin məsafədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsl qəhrəmanlıq tarixi yazması Birinci vitse-prezidentin həm də öz arzularında siyasi uzaqgörənliyinə arxalandığına işarədir.

44 günlük Vətən müharibəsi dönəmində, bütün dünyanın diqqətinin Azərbaycana yönədiyi bir zamanda əzmkarlıq, səbr, yüksək həssaslıq nümayiş etdirən Mehriban Əliyeva bu davranışları ilə Prezident İlham Əliyevlə bərabər haqq mübarizəsi aparan xalqın dünyada təmsilçiliyi missiyasını da üzərinə götürmüş oldu.

Bu missiya dünyanın lider xanımlara ehtiyacı ilə yanaşı, Azərbaycan dövlətinin inkişafında Mehriban Əliyeva faktorunu ortaya qoyur. Böyük siyasətdə var olmaq təkcə istək və bacarığa bağlı məsələ deyil, həm də bu istək və bacarığı ortaya qoymaq üçün malik olduğu keyfiyyətləri zamanında təqdim etmək istedadıdır.

Bütün bunlara görə Mehriban Əliyeva dünyanın xanım siyasi liderləri arasında dövlət ədəb-ərkanını ən yaxşı mənimsəmiş və fəaliyyətində əks etdirmiş şəxsiyyət kimi qəbul olunur.

Rəfail Becanov,
"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının baş redaktoru