MEDİA DƏSTƏK VERDİ: YENİ İLDƏN YENİ XƏBƏR FORMATINA KEÇİRİK

20 Dekabr 2022 20:06 (UTC+04:00)

MEDİA-nın xəbər portallarına maddi dəstək olmasına həmişə təqdir etmişəm. Əvvəla ona görə ki, qrant almaq dünyanın heç bir yerində qəbahət deyil. İkincisi o səbəbə görə ki, başqa ölkələrin donorlarındansa, öz dövlətimizdən maddi dəstək almaq daha yaxşıdır. Tam səmimi deyirəm, bu günə qədər elə bir ehtiyacı olan media qurumu olmayıb ki, dövlət agentliyindən yardım alsın, ancaq mən buna sevinməyim. Maliyyə dövriyyəsi yüksək saytlar var ki, onların dövlətin 3 min manatına göz dikməsini etik baxımdan düz saymıram.

AzNews.az olaraq biz və şəxsən mən həyatımın heç bir dönəmində keçmiş KİVDF-dən 1 qəpik də olsun dəstək görməmişəm. İstəsək də ala bilməzdik, çünki onlayn xəbər mediasına KİVDF pul ayırmırdı. Mənim bu yaşda fərdi jurnalist müsabiqələrinə qatılmağım isə gənclərin önünü kəsmək olardı. Bu gün də eyni səbəbdən MEDİA-nın fərdi jurnalist müsabiqələrində iştirak etmirəm. Necə deyərlər, balıq bilməsə də, xalıq bilər.

Xalıqdan gizlin deyil, Sizdən niyə danım, MEDİA-nın portallar üçün elan etdiyi bir neçə müsabiqəyə də ərizə verməmişəm. Bunun da etik səbəbləri vardı. Ötən dəfə müraciət etdik, vermədilər. Ancaq hay-küy salmadım, FB-da statuslar yazmadım, üsyan etmədim. "Yox" cavabı üçün rəsmi şəkildə göstərilən iradları aradan qaldırdım. Düşünürəm ki, bu daha doğru yoldu. Azərbaycan dövləti və dövlətin heç bir qurumu FB-dan idarə olunmur, oluna da bilməz. Əgər mən irada səbəb olan halları aradan qaldırmaq əvəzinə, "ictimai təzyiq" adı altında dövlət qurumundan mənə, Anadolu türkləri demiş, "kıyak yapmasını" istəyirimsə, deməli, dövlətimin bir qurumunun hüquqdan kənara çıxmasına çalışıram. Amma çağdaş dünyanın təcrübəsi göstərir ki, bizim hamımızın məqsədi Azərbaycanın məhz hüquq dövlətinə çevrilməsi olmalıdır. Buna çalışan məmurlara da dəstək olmaq siyasi hakimiyyətə ümumi münasibətimizdən asılı olmayaraq vətəndaşlıq borcumuzdur.

Mənim həm də bu borcumdur ki, sizə deyim: MEDİA-dan ayrılmış kiçik qrantın hətta 1 qəpiyi də mənim maaşıma təsir etməyəcək və şəxsi dolanışığıma yönəlməyəcək. Vəsaitin bir hissəsi AzNews-un maddi-texniki bazasının yüksəlməsinə, digər hissəsi də əməkdaşların maaş artımına və yeni işçilərin götürülməsinə yönələcək. Əminəm ki, bizim portalımızın az vəsaitlə çox iş görmək təcrübəsi AzNews.az brendinin yeni mərhələdə möhkəmlənməsində xüsusi rol oynayacaq.

Etiraf edim ki, son illər AzNews-un tempində özümüzdən asılı olan və olmayan səbəblərdən müəyyən eniş vardı. İndi yüksəlişə keçmək vaxtıdır. Bu iddialı cümləni mənə yazdırdığı üçün MEDİA-nın bütün kollektivinə, icraçı direktoru, qısa zamanda media cameəsində yaxşı nüfuz qazanmış Əhməd İsmayılova öz təşəkkürümü bildirirəm.

Əminəm ki, MEDİA 2023-cü ildə AzNews əməkdaşlarını Xankəndiyə də dəvət edəcək!

HAZIR OLUN: 1 yanvar 2023-ci ildən AzNews.az öz xəbərlərini bu günə qədər Azərbaycanda tətbiq edilməmiş bir formatda yayacaq.

Taleh ŞAHSUVARLI