Jurnalistlər arasında şahmat yarışı keçirilib

21 Dekabr 2022 20:01 (UTC+04:00)

"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları bəlli olub.

Turnirin mətbuat xidmətindən Aznews.az-a verilən xəbərə görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan sport24.az saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, milli.az saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar.

​ Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.