İstər müsəlman aləmində, istərsə də xristian dünyasında bəzi “maraqlı tiplər” var. Adətən, bu tiplər ciddiyyətdən uzaq olmaları ilə reytinq qayğısı çəkən media quruluşlarının işinə yarayırlar. Məsələn, günlərin birində efirə çıxıb bəyan edirlər ki, bəs, təbiət elmlərinin bütün tədqiqatlarını, nəticələrini kənara qoyun, çünki Yer bir planet olaraq yumru deyil, Günəş ətrafında da fırlanmır. Bu cür insanlar sosial şəbəkələrdə ələ salınır, gülüş hədəfinə çevrilir, hətta emosiyalarını boğa bilməyənlər tərəfindən hərdən təhqir də olunur. İntəhası, bütün bunlar “günün qəhrəmanı” üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, o, öz dediyinə inansa da, inanmasa da sifarişi yerinə yetirib və bununla da “aktual şəxs” olduğunu yəqin edib.
Mən dinindən, irqindən, milliyyətindən asılı olmayaraq “hüquqşünas” sifəti daşıyan insanları bu cür “mediatik tiplər” cərgəsində görməyi qətiyyən arzulamıram. Üstəlik bu fikirdəyəm ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşmasında, xalqlar arasında qonşuluq münasibətlərinin formalaşmasında hüquqşünasların üzərinə çox böyük məsuliyyət düşür. Vaxtilə birgə yaşadığımız SSRİ hüquq dövləti deyildi, hətta 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Haqları Bəyannaməsi qəbul ediləndə bitərəf qalmışdı. Ötən əsrin sonlarında SSRİ-də yaşayan xalqlar həm də ona görə etnik münaqişəyə cəlb oluna bildilər ki, totalitar sovet cəmiyyətində hüquq şüuru yetərincə formalaşmamışdı. Bu da xalqları və cəmiyyətləri ayrı-ayrı miflərə, utopiyalara, macəralara sürükləmək, nəticədə SSRİ KQB-nin planlarına uyğun şəkildə qanlı münaqişələrə sövq etmək istəyən siyasi avantüristlər üçün “münbit zəmin” yaradırdı. Artıq 31 ildir ki, SSRİ yoxdur, keçmiş sovet respublikaları müstəqil dövlətlərdirlər. Çox təəssüflər olsun ki, 31 illik zaman kəsiyində Ermənistanda hüquq şüuru manipulyasiyalara qarşı çıxa biləcək səviyyədə inkişaf etməyib və bu da həmin ölkədə diplomunu hansı ölkənin universitetindən almasına baxmayaraq hüquqşünasları əvvəlcədən müəyyən olunmuş ehkamı isbat etməyə yönəldib. Hüquqtətbiq etmə ilə pozitiv elmin üst-üstə düşən ən bariz xüsusiyyəti odur ki, müasir elmdə olduğu kimi hüquqi mühakimədə də əvvəlcədən məqsədə çevrilmiş bir hökmü sübut etmək cəhdi psevdodur. Qarabağ münaqişənin keçmişini bir kənara qoysaq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Xankəndi-Laçın yolunda ekoloji tələblərlə aksiyaya başlayandan bəri Ermənistanda hər kəs məhz eyni nəqarəti oxuyur. Ermənistanın siyasi, dini, intellektual elitasının, diplomatların, analitiklərin, jurnalistlərin, QHT nümayəndələrinin psevdo-humanist, psevdo-sülhsevər, psevdo- hüquqi çağırışlarına məhəl qoymamaq olar. Bu məsələ ilə bağlı BMT Təhlüksəzilik Şurasında aparılan müzakirələrdə Azərbaycan və Ermənistan nümayəndələrinin çıxışlarındakı fərqi də elə İrəvanın beynəlxalq hüquqa deyil, psevdo- təhlükəsizliyə istinadı yaradırdı. Bax, bu məqamda Ermənistan hüquqşünasları meydana çıxmalı, məsələyə hüquqi şərh verərək həm öz cəmiyyətlərini, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasını maarifləndirməli idilər. Ancaq peşəkarlığından İrəvanda ağız dolu danışılan hüquqşünas, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Hayk Alumyanın “Hraparak” portalına verdiyi rəy belə bir niyyətdən tamamilə uzaq olmaqla, revanşist qüvvələrin kəsdiyi psevdo-ehkama haqq qazandırmağa yönəlmişdi. Bu cəhdinə görə Hayk Alumyana kinayə etməyəcəm, onu aşağılamayacam, hətta oxucuların əfvinə sığınaraq, nəzakət qaydalarına uyğun bir şəkildə ona “cənab” deyə xitab edəcəm.
Cənab Alumyanın “Hraparak” nəşrinə verdiyi “hüquqi rəy”də üç tezis var:
- “Biz belə hesab edirik ki, “Artsax” nə Ermənistanın, nə Azərbaycanın ərazisidir. Ancaq kim hesab edir ki, - bu isə hüquqi deyil, siyasi məsələdir- “Artsax” Azərbaycan ərazisidir, onda mədənləri Azərbaycanın mülkiyyəti sayır”.
- “Bizim rəsmi nöqteyi-nəzərimiz hələ də ondan ibarətdir ki, Azərbaycanın onlara aid olmayan ərazidə (yəni Ağdərədəki mədənlərlə bağlı- T.Ş) qərar qəbul etmək səlahiyyəti yoxdur”.
- Qızıl və mis mədənlərində mülkiyyət hüququ olmadığından Azərbaycanın həmin yataqların istismarına “Anglo-Asian Mining” şirkətini cəlb etməsi qanunsuzdur. Adıçəkilən Böyük Britaniya şirkəti buna görə, Azərbaycan Respublikasına qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır.
Deduksiya ümumi elmi metodlardan biri olaraq hüquqda da geniş istifadə olunur. “Bütün balıqlar su hövzələrində yaşayır. Kefal balıqdır. Deməli, kefal su hövzəsində yaşayır” sillogizminin hökmü düzgündür ona görə ki, böyük və kiçik müqəddimə (birinci və ikinci cümlələr) doğrudur. İndi gəlin bu sillogizmi bir qədər fərqli şəkildə quraq: “Bütün balıqlar meşədə yaşayır. Kefal balıqdır. Deməli, kefal meşədə yaşayır”. Bu halda nəticə məntiqi əməliyyat baxımından doğru olsa da, obyektiv reallıq nöqteyi-nəzərindən səhvdir. Çünki “balıqların meşədə yaşayıb-yaşamaması” məntiqin deyil, biologiyanın məsələsidir, biologiya isə bir elm olaraq hələ meşədə yaşayan balıq kəşf etməyib. İşin qəribə tərəfi isə budur ki, Ermənistanın ən məşhur hüquqşünası öz şərhində bir dövlətin ərazi məsələsini hüququn deyil, siyasətin problemi sayır. Bu təxminən belə bir anlama gəlir: kefalların meşədə yaşayıb-yaşamaması biologiyanın yox, həndəsənin problematikasıdır. Halbuki sual kefalın harada yaşadığına cavab tapmaq üçündürsə, bir bioloqun məsələni həndəsənin üzərinə atması nə qədər rüsvayçılıqdırsa, bir hüquqşünasın da “ərazi” anlayışını beynəlxalq hüquqdan, dövlət və hüquq nəzəriyyəsindən dışlayıb politoloqların inhisarına verməsi o qədər təəccüblüdür.
Zira, bu, Hayk Alumyanın öz qısa şərhində hüquqdan uzaqlaşdığı yeganə epizod deyil.
Diqqəti cənab Alumyanın istifadə etdiyi iki frazaya- “biz belə hesab edirik ki...” və “Bizim rəsmi nöqteyi-nəzərimiz hələ də ondan ibarətdir ki...”- cəlb etmək istəyirəm. Xahiş edirəm ki, gözlərinizin önündə bir sinif lövhəsi canlandırasınız və fərz edəsiniz ki, riyaziyyat dərsində şagirdlərdən biri o lövhənin üzərində inteqral tənlik həll etmək istəyib. Növbəti dərsdə sinfə daxil olan tarix müəlliminin riyazi bilikləri məhduddur və lövhəyə baxaraq heç nə başa düşmür. O, özlüyündə hesab edir ki, lövhə qarşısına çıxarılmış şagird riyaziyyatı çox dərindən mənimsəyib. Fəqət tarix müəlliminin riyaziyyatdan başı çıxsaydı dərhal fərq edərdi ki, lövhədəki tənlik həll edilməyib və ya səhv həll edilib, cavab doğru deyil. Bəli, riyaziyat kimi hüququn da öz “dili” və bu dilin xüsusi “qrammatika”sı var. İstənilən hüquqşünas məhz bu “dil”də və onun “qrammatika”sında danışmalıdır. Yuxarıda təqdim olunan ibarələr ilk növbədə erməni oxucular üçün “ritorik tələ” olmaqla birgə hüquqi mühakimə nöqteyi-nəzərindən absurddur ona görə ki, özü-özlüyündə nə hüquqi prinsip, nə norma, nə də metoddur. Beynəlxalq hüququn mənbəyi isə siyasi manipulyasiyalar deyil, beynəlxalq müqavilələr, beynəlxalq adətlər, beynəlxalq təşkilatların aktları, nəhayət, universal prinsiplərdir. Odur ki, istənilən hüquqşünas keçmiş DQMV-nin Azərbaycanın ərazisi olduğuna şübhə etmək istəsə, mütləq beynəlxalq hüquqa nəzər salmalıdır.
Beynəlxalq hüquq müstəvisində keçmiş DQMV-nin Azərbaycan Respublikasının ərazisi olması mübahisəsizdir. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, MDB, İƏT kimi beynəlxalq və regional təşkilatlar, bu təşkilatların qəbul etdiyi çoxsaylı aktlar, qətnamələr, bəyanatlar, o cümlədən son zamanlaradək Ermənistandan savayı, beynəlxalq münasibətlərin subyekti olan dövlətlərin rəsmi mövqeyi məhz bunu deyir. Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan isə tez-tez bəyan etməyi xoşlayır ki, onun ölkəsi keçmiş DQMV də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb. Odur ki, revanşist Robert Köçəryanın vəkilinin “bizim rəsmi nöqteyi-nəzərimiz hələ də ondan ibarətdir ki...” deməsi təkcə hüquqi yox, siyasi baxımdan da kökündən yanlışdır. Xatırlatmaqda fayda var, bu ilin oktyabrında Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında bəyanat yayılmışdı. Sənəddə vurğulanırdı ki, Azərbaycan və Ermənistan respublikaları BMT nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
Yəqin Hayk Alumyan da hüquqşünas diplomu olan şəxs kimi onu təsdiq edər ki, ərazi alilliyi- dövlət suverenliyinin ən mühüm xüsusiyyətidir və bir dövlətin öz ərazisində ən yüksək, tam və müstəsna hakimiyyətə malik olması deməkdir. Ərazi aliliyi ehtiva edir:
Sonuncu müddəanın üzərində xüsusi dayanaq. Çünki Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Qarabağ bölgəsinin zəngin təbii sərvətləri Azərbaycan dövlətinin iradəsinin əksinə olaraq Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən istismar edilib. Ermənistan və onun yaratdığı qondarma rejim bununla 4-cü Cenevrə Konvensiyasının müəyyən etdiyi prinsipləri pozmaqla müharibə cinayətinə yol verib. Sözügedən prinsiplər bunlardır:
Bu prinsiplərdən göründüyü kimi:
Əlbəttə, erməni siyasətçiləri, diplomatları, hüquqşünasları və vətəndaş cəmiyyətinin fəalları bütün dünyanı ona inandırmaq istəyirlər ki, Azərbaycan torpaqlarının işğal edilməsində onların heç bir rolu olmayıb, “DQR” tanınmasa belə, guya tam müstəqil dövlətdir və Qarabağda baş verənlərə görə İrəvan hökuməti heç bir hüquqi məsuliyyət daşımır. Bu məqamda mən istər Azərbaycanın, istərsə də Ermənistanın bütün vətəndaş cəmiyyəti nümayəndələrinə, ictimai-siyasi fəallarına, xüsusən də hüquqşünaslara Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2015-ci ildə çıxarılmış qərarını diqqətlər oxumağı tövsiyyə edirəm və həmin qərardan bir hissəni xüsusi olaraq Hayk Alumyan üçün təqdim edirəm:
“186. Bütün yuxarıda göstərilənlər Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malik olduğunu, faktiki olaraq bütün mühüm məsələlərdə iki qurum arasında yüksək dərəcədə inteqrasiyanın mövcud olduğunu və belə vəziyyətin bu günə qədər davam etdirildiyini nümayiş etdirir. Başqa sözlə, “DQR” və onun administrasiyası Ermənistandan ona göstərilən hərbi, siyasi, maliyyə və digər yardım sayəsində yaşayır və, nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətrafındakı ərazilər, o cümlədən Laçın rayonu üzərində təsirli nəzarəti həyata keçirir. Buna görə, şikayət edilən məsələlər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Ermənistanın yurisdiksiyasına daxildir.
187. Nəticədə, Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində Ermənistan Respublikasının yurisdiksiyası ilə bağlı Hökumətin (Ermənistan hökumətinin- T.Ş) etirazı rədd edilir”.
AİHM-nin bu qərarına əsasən qətiyyətlə demək olar ki, Azərbaycan mədənlərinin müharibə cinayəti törədərək istismar edilməsinə birbaşa Ermənistan Respublikası məsuliyyət daşıyır və Azərbaycan Respublikasına vurduğu ziyanın qarşılığı olaraq təzminat ödəməlidir.
Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru,
“Pragma” İctimai Birliyinin sədri