Xatirinizdə olar, rəsmi Bakının Qarabağdakı erməni icmasının nümayəndələri ilə təmasları başlamışdı və bu barədə prezident İlham Əliyev də məqbul açıqlama vermişdi. Bu proses ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün təşəbbüsü ələ aldığı zaman gedirdi. Hətta Praqa görüşündə Ermənistan Almatı Bəyannaməsinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi.
Təxminən bu ərəfədə Rusiyanın "Kommersant" nəşrində bir məqalə yayımlandı. Məqalədə bildirilirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün iki layihə var. Birinci layihə Qərbindir və Qarabağ ermənilərinə status müəəyyən etmədən müqavilə imzalanmasını nəzərdə tutur. İkinci layihə isə Rusiyanındır və bu layihəyə görə sülh sazişi imzalanmalı, ancaq Qarabağ ermənilərinin statusu məsələsi gələcəyə ötürülməlidir. "Kommersant" açıq şəkildə narahatlıq ifadə edirdi ki, Qərbin təklif etdiyi sülh sazişi imzalanarsa, Ermənistanın Rusiya hərbi bazalarına ehtiyacı qalmayacaq və Rusiya Sülhmıəramlı Qüvvələri də tezliklə Qarabağdan çıxarılacaq. Bir müddət sonra bu iki layihə barədə Rusiya prezidenti Vladimir Putin danışmağa başladı.
Elə bu ərəfədə Qarabağda bir dələduz peyda olmuşdu: Ruben Vardanyan. Ruben Vardanyanın nə deməsi, toy toğlusu kimi ortalıqda necə fırlanması önəmli deyil. Önəmli olan onun missiyası, daha doğrusu, Rusiyadan aldığı təlimatdır.
Vardanyan məhz bu təlimatla hərəkət edir və prosesləri iki məqamda təsir göstərib.
Birincisi, rəsmi Bakı ilə Qarabağ erməniləri arasında kommunikasiyanı dayandırıb.
İkincisi, sülh danışıqları faktiki olaraq dalana dirənib. Bu ilin sonunda çərçivə sazişinin imzalanması nəzərdə tutulurdu. Artıq yolkalar qurulub, amma çərçivə gözə dəymir.
1992-ci ilin əvvəllərinə dönək. 1991-ci ilin noyabrından etibarən Ermənistanda Levon Ter Petrosyan iqtidarda idi. Azərbaycanda Mütəllibov və daha sonra Elçibəy hakimiyyətə gəlmişdi. Ter Petrosyan gerçəkdən uzaqgörən bir siyasi lider olaraq Qarabağ münaqişəsinin ermənilər üçün perspektivsizliyini başa düşürdü və istər Mütəllibovla, istərsə də Eıçibəylə anlaşaraq məsələni qapatmağı vacib hesab edirdi. Bunu onun sonradan verdiyi çoxsaylı açıqlamalar da isbat edir. Lakin Xocalı qətliamı, Şuşanın, Laçının və digər ərazilərimizin işğalı da məhz onun zamanında baş verdi. Mən əlbəttə, "Ter-Petrosyanın bu əməliyyatlardan xəbəri olmayıb" deyə məsələyə sadəlövh yanaşmaq istəmirəm. Sadəcə diqqəti pərdənin arxasındakı həlledici amillərə yönəltmək istəyirəm.
Bu amillərdən biri Ermənistanın yeni formalaşan Silahlı Qüvvələrində Rusiyaya bağlı general və zabitlərin mütləq çoxluq təşkil etməsi idi.
Digər mühüm amil isə Qarabağdakı irredant rejimin birbaşa Rusiya tərəfindən formalaşdırılması idi. Qondarma "DQR"-in ilk "prezident"i Robert Koçaryan olmuşdu, o daha sonra Ermənistanda iqtidara gəldi. Hazırda "ana müxalifət" lideri olaraq Vladimir Putinlə məktublaşır.
"Qarabağ klanı" Ermənistanda iflasa uğrayıb. Bu klanın hazırda üç əsas siması var: Robert Köçəryan, Serj Sərkisyan və Arayik Arutyunyan. Bu fiqurların heç biri 44 günlük müharibədə Ermənistanın qəti məğlubiyyətindən sonra belə Nikol Paşinyanı hakimiyyətdən sala bilmədilər. Nəticədə Rusiya atları dəyişməyə qərar verdi. Döngədə olsa da!
Gürcüstanda Bicina (Bidzina da yazırlar) İvanaşvili vardı, Rusiyadan emissar göndərilmişdi, yəqin yadınıza gəlir. Gürcü, ancaq Rusiya milyarderlərindən idi. Rusiya və Fransa vətəndaşlığından çıxıb Gürcüstandan pasport aldı, bir az pul-para xərcləyib özünü ictimai rəyə sırıdı, partiya yaratdı, baş nazir oldu. Vardanyan Rusiyanın yeni BİCinabalasıdır, intəhası, Nikol da az hiyləgər deyil. Rubenin birbaşa Ermənistana göndərilməsi Kremlin "qarğa məndə qoz var" deməsi olardı, demədi, qozu gətirib Xankəndidə gizləməyə üstünlük verdi. Bu günlərdə Vladimir Putin Rubeni Rusiya vətəndaşlığından çıxardı, "DQR" pasportu isə dünyanın heç bir hava limanında keçərli deyil. Heç şübhəsiz Vardanyanın başqa bir neçə saxta pasportu da var, amma onlar indi üzə çıxacaq deyil. Ruben Ermənistan pasportuna sahib olmaq istəyir.
44 günlük müharibədə Rusiyanın bir neçə həftə neytral qalmasının səbəbi Qaradəniz uğrunda geopolitik mübarizə idi, Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı məqamı doğru seçmişdi. Ali Baş Komandan çox böyük soyuqqanlılıqla əməliyyatları da tam məqamında dayandırdı. Bundan sonra nə erməni-rus birləşmələrinin işğaldan azad olunan torpaqlarımızı yenidən zəbt etməsi mümkündür, nə də Xankəndidəki irredant cinayətkar rejimin uzun müddət ayaqda qalması. Zaman Azərbaycanın lehinə işləyir və ekoloji yönümlü QHT-lərin aksiyası ilə Xankəndinin hülqumunu da ələ keçirmişik. Azərbaycanın hədəfləri məlumdur:
- Qarabağda erməni silahlı birləşmələri qalmır (Həm Ermənistan ordusu, həm də "yerli özünü müdafiə dəstələri");
- Xankəndidəki irredant cinayətkar xunta likvidasiya olunur;
- Qarabağın ermənilər yaşayan bütün məntəqələri Azərbaycanın nəzarətinə keçir. Azərbaycan vətəndaşlığını qəbul edənlər qalıb yaşayır, qəbul etməyənlər yolun ağını tutur.
- Azərbaycanlı məcburi köçkünlər keçmiş DQMV ərazilərinə qayıdırlar;
- "Zəngəzur dəhlizi" açılır;
- Ermənistan sülh sazişi imzalayır.
- Rusiya Sülhməramlı Kontingenti bala-bala "Yaroslava yol alır".
Bütün bu hədəflərə nail olmaq üçün Ağdərədəki mədənlərə Azərbaycanın nəzarətinin bərpa olunması açar rolunu oynayır. Artıq məsələ kifayət qədər ciddi ölçüdə beynəlxalq arenaya çıxıb və xalqımız, ölkəmiz üçün şərəf məsələsinə dönüb. Beynəlxalq hüquq birmənalı olaraq Azərbaycanın tərəfindədir. Bunu hər kəs bilir və təbii ki, irredantlar da başa düşür. Odur ki, Ağdərə mədənlərində ekoloji monitorinq aparılmasına, Azərbaycan təbiətinə və dövlətinə dəymiş ziyana görə kompensasiya ödəməyə, mədənlərin rəsmi Bakının nəzarətinə keçməsinə xoşluqla razı olmayacaqlar.
Ümumiyyətlə "Dəmir yumruq" işə düşmədən erməni irredantları heç nəyə razı olmurlar...
Taleh ŞAHSUVARLI