Təbrizdə Dağlıq Qarabağ müzakirəsi - VİDEO

9 İyul 2013 21:39 (UTC+04:00)
İranda Təbriz Universitetinin təşkilatçılığı ilə Qarabağ mövzusunda keçirilən konfransda Azərbaycan tərəfindən Azad Qarabağ uğrunda alyansın üzvləri iştirak ediblər. Həmçinin keçirilən bütün görüşlərdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan-Dağlıq Qaradabağ münaqişəsi və bu münaqişədə Ermənistan tərəfinin işğalçı siyasəti olub.

Noyabr ayında isə elə Təbrizdə sırf Qarabağ münaqişəsinə həsr olunmuş ilk beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə son zamanlar iki ölkə arasında münasibətlərin inkişafı və İran tərəfinin Dağlıq Qarabağla bağlı bəyanatları diqqəti cəlb edir. Bunlardan İranın dini lideri Ayətullah Xomneyninin Təbriz üzrə nümayəndəsi mucahid Şəbistarinin bəyanatı daha yadda qalan oldu. "Qarabağın azad olunması naminə" Azərbaycan Alyansının nümayəndələri ilə görüşü zamanı Şəbistari bildirmişdi ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması- İranın rəsmi mövqeyidir və İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır. Elə iranlı deputat Kazim Cəlali də ötən ay Bakıya rəsmi səfərində oxşar bəyanat səsləndirmişdi.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli: "Bu görüşlərdə ana xətt keçirdi-Qarabağ Azərbaycan torpağıdır və Qarabağ Azərbaycana qaytarılmalıdır. Bu savaşda biz İran olaraq, İran rəsmiləri, İran vətəndaşları, İran alim və mütəxəssisləri olaraq Azərbaycan xalqının yanındayıq".

Rəsmi Bakı isə qonşu ölkənin Azərbaycanın haqlı mövqeyini hansı səviyyədə olur-olsun dəstəkləməsini müsbət qarşılayır.

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev: "Təbii ki bu bizim üçün çox önəmlidir. Ümidvarıq ki, bizim haqq mövqeyimiz İran tərəfindən bundan sonra da dəstəklənəcəkdir".

Qeyd edək ki, İran bundan əvvəl bir neçə dəfə Qarabağ münaqişəsinin həllində öz vasitəçiliyini təklif etmişdi.



AzNews.az