At əti satışı ilə məşğul olan sex aşkarlandı - Azərbaycanda

10 İyul 2013 08:45 (UTC+04:00)
Ağdaş rayonunda qanunsuz olaraq at əti satışı ilə məşğul olan sex aşkar edilib.

Bu barədə APA-nın yerli bürosuna Dövlət Baytarlıq Xidmətinin baş baytar həkimi Vaqif Mirzəyev məlumat verib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinə daxil olan siqnala əsasən, Respublika Epizotiya Əleyhinə Ekspedisiyanın, zona baytarlıq laboratoriyasının, Ağdaş rayon baytarlıq idarəsinin və rayon baytarlıq diaqnostika kabinetinin əməkdaşları Ağdaşın Dəhnəxəlil kəndinə ezam olunublar. Keçirilən reyd zamanı kənd sakini Zeynalov Zeynal Baloğlan oğlunun evinin həyətində at tövləsi, müxtəlif yaşda və cinsdən olan 11 baş at, heyvanlar üçün kəsim yeri, tərəzi, kanalizasiya quyusu, kəsilən ətlərin daşınması üçün nəzərdə tutulan arabalar və ətin saxlanılması üçün soyuducu aşkar edilib. Ərazidən tapılan at sümükləri və sklet analiz üçün laboratoriyaya göndərilib. Ərazi nəzarət altına alınıb.

Vaqif Mirzəyev onu da bildirib ki, vətəndaş Zeynal Zeynalov qanunsuz at əti istehsalı ilə məşğul olduğu üçün ötən il sentyabrın 25-də və bu il iyunun 25-də Ağdaş rayon Baytarlıq İdarəsi tərəfindən cərimələnib. Ona bir neçə dəfə idarənin rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq edilib. Zeynal Zeynalov izahatında bildirib ki, Bərdə və Ağdaş rayonlarında yerləşən mal-qara bazarından ayrı-ayrı vətəndaşlardan aldığı atları öz həyətində sifariş əsasında kəsərək ət satışı ilə məşğul olan şəxslərə satıb. Z. Zeynalovun həyətində ötən ilin sentyabrında 15 baş diri və 5 baş kəsilmiş at, bu ilin iyununda 9 baş diri at, hazırda isə biri xəstə olmaqla 11 baş diri at aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Yevlax rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində də qanunsuz at əti satışı ilə məşğul olan sexlər aşkar edilmişdi.

AzNews.az