“Milli Şuranın strategiyasını İsa Qəmbər müəyyən edə bilməz”

10 İyul 2013 10:09 (UTC+04:00)
Müsavat başqanının namizədlikdən geri çəkilməməsi Milli Şuranı parçalaya bilər


"Milli Şuranın strategiyasını Rüstəm İbrahimbəyov müəyyən edə bilər, İsa Qəmbər yox".

Bu sözləri AzNews.az-a açıqlamasında "El" Hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, Müsavat başqanı İsa Qəmbərin dünən musavat.com saytına verdiyi açıqlamasında namizədliyini geri götürməklə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən belə deyib.

Xatırladaq ki, İ.Qəmbər Rüstəm İbrahimbəyovun qurum üzvlərinə ünvanladığı sonuncu müraciətdə Müsavat başqanının namizədliyini geri götürməli və MŞ-in seçkiyə bir namizədlə getməli olduğunu bildirib. İsa Qəmbər isə deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil: "Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır".

Müsavat başqanı əlavə edib ki, əgər kimsə seçkilərin boykot variantına meyl edirsə, bu istəklər Milli Şura formatında axtarılmamalıdır: "Milli Şura məhz seçki yolu ilə xalqın hakimiyyətini bərpa etmək məqsədilə yaradılıb. Bu baxımdan Milli Şuranın - demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol vermək olmaz".
Qeyd edək ki, R.İbrahimbəyov MŞ üzvlərinə ünvanladığı müraciətdə, hətta namizədliyinin qeydə alınmasından imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizədin olmamasını bildirmişdi: "İndiki situasiyada bu cür yanaşma daha məqsədəuyğundur və seçkilərdə qələbəyə nail olmağın bəlkə də yeganə düzgün yolu budur".

Milli Şurada R.İbrahimbəyova yaxın adamlardan biri olan E.Quliyev isə bildirib ki, seçkidə iştirak naminə yox, qələbə qazanmaq naminə iştirak etmək lazımdır. Onun sözlərinə görə, əgər hakimiyyət R.İbrahimbəyovun namizədliyini qeydə almasa, "bu qələbəyə bərabər məğlubiyyət olacaq".

E.Quliyev deyib ki, MŞ-in seçkiyə iki namizədlə getməsi hakimiyyətin manevr imkanlarını artırır: "Bu, ziyanlı mövqedir. Biz Milli Şuraya prezident seçkilərinə legitimlik qazandırmaq üçün yığışmamışıq. İsa Qəmbər də bunu hamıdan yaxşı bilir".

MŞ üzvünün sözlərinə görə, hər bir halda Müsavat başqanı namizədliyi ilə bağlı mövqeyinə müəyyən korrektələr edəcək: "Bəlkə də İsa Qəmbər buna məcbur olacaq".

E.Quliyev bildirib ki, İ.Qəmbər uzaqgörən və ağıllı siyasətçidir: "Mən Milli Şuranın dünənki iclasında İsa bəylə bu barədə bir neçə dəqiqə söhbət etdim. Onun da özünə görə arqumentləri var. Ancaq mən əminəm ki, İsa Qəmbər usta şahmatçılar kimi bir neçə gedişi əvvəlcədən görməyi bacarır".

Elnur
AzNews.az